Türkiyə və Özbəkistan yaxın gələcəkdə ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
Bu barədə Türkiyənin ticarət naziri Ömer Bolat Ankarada özbək həmkarı Ləziz Kudratovla danışıqlardan sonra bildirib.
“Türkiyə və Özbəkistan arasında ikitərəfli ticarətin həcmini iki ölkə prezidentlərinin müəyyən etdiyi konsepsiya çərçivəsində 5 milyard dollara çatdırmaqda qətiyyətli olduğumuzu vurğuladıq. Bu hədəf çərçivəsində ikitərəfli Preferensial Ticarət Sazişinin əhatə dairəsinin genişləndirilməsi və əməkdaşlıq sahələrinin şaxələndirilməsi üzrə işləri davam etdirməyi planlaşdırırıq”, – Ö.Bolat “X” sosial şəbəkəsində yazıb.
O, həmçinin vurğulayıb ki, Türkiyə Özbəkistanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) tamhüquqlu üzvlüyünü dəstəkləməyə və Birgə İqtisadi Komissiyanın fəaliyyət planı çərçivəsində əməkdaşlıq sahələrini genişləndirməyə davam edəcək.
Xatırladaq ki, bu gün Ankarada Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşü keçiriləcək.