ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabrın 12-13-də keçirəcəyi növbəti iclasa qədər Türkiyədə dolların məzənnəsinin 4 lirə, Rusiyada isə 60 rubl həddini ötəcəyi gözlənilir.
Dekabr iclasında FED-in uçot dərəcəsini artırması ehtimalı hazırda 100% təşkil edir. Bu səbəbdən, dolların hazırda qlobal valyuta bazarında ucuzlaşmasına və neftin qiymətinin yüksəlməsinə baxmayaraq Türkiyə və Rusiyada dollar möhkəmlənir. Bu barədə Report-un analitik qrupu bildirir.
Analitik qrup xəbər verir ki, hər iki ölkədə dolların möhkəmlənməsi müvəqqəti xarakter daşıyır: “FED-in iclasından sonra dolların hər iki ölkədə ucuzlaşacağı, amma ilin orta qiymətindən bir qədər yuxarı olacağı ehtimal edilir. Türkiyədə yaxın zamanlarda məzənnənin 4,10-4,20 TRY/USD, Rusiyada isə 62-64 RUB/USD səviyyəsinə çatacağı proqnozlaşdırılır. İclasdan sonra və 2018-ci ilin ilk rübündə dolların məzənnəsi müvafiq olaraq 3,90TRY/USD və 59 RUB/USD-yə kimi geriləyə bilər. Lakin 2018-ci ilin sonuna yaxınlaşdıqca, hər iki ölkədə dolların sürətlə bahalaşması və bu trendin 2020-ci ilə qədər davam etməsi ehtimal olunur. 2020-ci ilə qədər Türkiyədə dolların 6 lirə, Rusiyada isə 100 rubl həddini ötməsi istisna edilmir”.