“Ermənistan bölgədə davamlı sülhün dəstəkçisi olmaq üçün reallığı qəbul etməli və üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.
Bunu Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Hami Aksoy deyib.
“Dağlıq Qarabağda silahı yerə qoymayan və geri çəkilməkdən imtina edən Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun bölmələrinə etdiyi mənfur hücumu qınayırıq. Bu, ermənilər tərəfindən 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla müəyyən edilmiş atəşkəs rejiminin açıq şəkildə pozulmasıdır”, – deyə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib.
H.Aksoy bildirib ki, üçtərəfli bəyanata imza atan Ermənistan bütün silahlı dəstələrinin geri çəkilməsinə və atəşkəs rejiminə riayət edilməsinə görə məsuliyyət daşıyır. Rəsmi Yerevan bu öhdəliyini dərk etməlidir.
“Ermənistan silahlı qüvvələrinin daha əvvəl – 26 noyabr, 8 və 11 dekabr tarixlərində, nəhayət 27 dekabrda baş verən hücumları nəticəsində hərbi və mülki şəxslər həlak oldu, bir neçə nəfər xəsarət aldı. Azərbaycan tərəfi erməni silahlılarının bu təxribatlarına özünümüdafiə hüququndan istifadə edərək lazımi cavabı verib. Bu mənfur hücumlarda həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyir, Azərbaycan xalqına başsağlığı veririk”, – Hami Aksoy əlavə edib.