May ayından etibarən Türkiyə və Yunanıstan arasında getdikcə yüksələn gərginlik bugünlərdə pik həddə çatıb. Avqustun sonlarında Yunanıstana məxsus S-300 havadan müdafiə sisteminin Krit adası yaxınlarında NATO missiyası çərçivəsində uçuş həyata keçirən Türkiyəyə məxsus F-16 qırıcılarını hədəf altına salmasına çox sərt reaksiya verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanı “ani bir hücum edə bilərik” sözləri ilə hədələyib.
Türkiyə və Yunanıstan arasında dərin tarixi arxaplanı olan bir çox xroniki problemlərin olduğu məlumdur. Son gərginliyin episentri isə Egey dənizi və bu dənizdəki bir sıra adaların statusudur. Egey dənizi ilə bağlı anlaşmazlıqlarda hər iki tərəfin özünü haqlı saydığı, beynəlxalq müqavilələrə əsaslandırdığı iddialar var. Tərəflərin bir-birinə zidd iddialarında uzlaşmanın əldə edə bilməməsi isə gərginliyin silahlı toqquşmalara çevrilməsi ehtimallarını gücləndirir.
Təbii ki, Egey dənizində münaqişə ocağının közərməsi regionda ciddi maraqları olan üçüncü ölkələrin aktiv müdaxiləsinə zəmin yaradır. Hadisələri xüsusilə, Birləşmiş Ştatlar və Fransanın yaxından izlədiyi qeyd olunmalıdır. Rəsmi Vaşinqtonun bir müddətdir Yunanıstana böyük maraq göstərdiyini və bu marağın 2020-ci ildə hakimiyyətə gələn Co Bayden dövründə xeyli artdığını görürük. İki NATO müttəfiqi arasındakı izlədiyi ənənəvi balanslı siyasətini Yunanıstanın lehinə pozan Vaşinqtonun bu yeni yanaşması Ankaranı ciddi şəkildə narahat edir və türk rəsmilər bu narahatlıqlarını tez-tez dilə gətirirlər. Əvəzində, Türkiyənin son illərdə bir neçə regionda aktiv xarici siyasət izləməsi və Rusiya ilə əlaqələrini müxtəlif istiqamətlərdə inkişaf etdirməsi də Vaşinqtonu qıcıqlandırır. Türkiyə tərəfi Birləşmiş Ştatların Suriyadakı PKK-əlaqəli kürd milislərini və Yunanıstanı dəstəkləməsini ölkənin aktiv xarici siyasətini cənub və qərbdən cilovlanmağa çalışılması cəhdi kimi qiymətləndirir. Bu strategiyaya baxmayaraq, indiki mərhələdə, yəni Rusiya-Ukrayna münaqişəsinin davam etdiyi bir vaxtda Vaşinqtonun iki NATO müttəfiqi arasında müharibənin alovlanmasında maraqlı olmadığını iddia etmək olar. Aydındır ki, belə bir müharibə NATO daxilində bir müddətdir aşkar sezilən qruplaşma meyillərini gücləndirə bilər və təşkilat daxilindəki fikir ayrılıqları Vaşinqtonun Avro-Atlantik məkanda birliyinin təmin edilməsi siyasətinə zərər vura bilər.
Bu gərginlikdə Yunanıstanın əlinin gücləndirilməsində Fransa da ABŞ qədər maraqlı olsa da, Parisin motiv və gözləntiləri tamamilə fərqlidir. Belə ki, son illərdə Afrika qitəsi başda olmaqla, müxtəlif regionlarda Ankara ilə açıq rəqabət aparan Paris, Yunanıstan vasitəsilə Türkiyənin qərb sərhədlərində diqqətinin yayınmasına, Ankaranın burada böyük qüvvə sərf etməsinə çalışır. Fransa tərəfindən Yunanıstana böyük miqdarda müasir silahların satılması və Yunanıstan-Fransa arasında müdafiə paktının imzalanması bu siyasətin Paris nəzdində nə dərəcədə önəmli olduğunu göstərir. Burada tərəflər arasında hərbi və iqtisadi güc fərqini neytrallaşdırmağa çalışan Birləşmiş Ştatların əksinə, Fransa Türkiyə-Yunanıstan gərginliyinin qaynar toqquşmaya çevrilməsində birbaşa maraqlıdır. ABŞ-ın NATO vasitəsilə Avropa üzərindəki dominantlığından da narahat olan Fransa mümkün toqquşma ilə həm Türkiyəni müharibəyə sürükləmək, həm də NATO daxilindəki bölünməni sürətləndirmək məqsədlərinə nail ola bilər. Digər tərəfdən, bu məsələ son illərin ən önəmli geosiyasi rəqabətinə çevrilən Fransa-Britaniya çəkişməsi kontekstində də xüsusi önəm kəsb edir. Fransa Avropanın mərkəzi güclərinin sıxışdırılması çərçivəsində ortaq maraqları olan Britaniya və Türkiyə yaxınlaşmasından agahdır. İddia etmək olar ki, Fransa Türkiyəni Yunanıstan vasitəsilə aqressivləşdirərək Qərb publikasında “işğalçı Türkiyə” imici formalaşdırmaq, Türkiyənin etibarsız tərəfdaş olduğu təsəvvürünü gücləndirmək, bununla da Britaniya-Türkiyə xəttinin dərinləşməsinin önünə sədd çəkmək arzusundadır.
Məsələnin bir çox aspektlərini müqayisə etdikdə Türkiyənin Egey dənizindəki addımlarında təmkinli davranmasının daha faydalı olacağı qənaətinə gəlmək olar. Türkiyə üçün müharibənin səbəb olacağı itkilər, potensial qazanclardan daha böyük görünür. Ən önəmlisi, miqyası və nəticəsi nə olursa olsun, müharibənin baş verməsinin özü belə, Türkiyənin başlıca geosiyasi rəqibi Fransanın strateji qələbəsi deməkdir. Eyni zamanda, enişli-çıxışlı münasibətlərə baxmayaraq, Türkiyə xüsusilə, indiki məqamda, Rusiya-Ukrayna müharibəsi periodunda bir ayağını Qərb cəbhəsində saxlamalı, NATO daxilindəki bölünmələri sürətləndirə biləcək addımlara yol verməməli, Fransa-Britaniya rəqabətində yaxından iştirak etmək imkanlarını qorumalıdır. Cənubda dövlətləşmə ərəfəsində olan PKK-əlaqəli silahlı qruplar, Əsədlə davam edən anlaşmazlıqlar, İranla yenidən soyuqlaşan münasibətlər, İraqda davam edən daxili siyasi təlatümlər və Ermənistanla hələ ki, yekunlaşmayan normallaşma prosesi fonunda Türkiyənin diqqətini və gücünün böyük qismini qərb sərhədlərinə yönləndirməsi çox ciddi strateji risklər daşıyır. Reallıq da budur ki, son dövrlərdə böyük ehtimal Fransanın təhrikləri ilə meydanı qızışdıran Yunanıstanın Türkiyəyə qarşı fundamental və ekzistensial təhdidlər yaratmaq potensialı da elə də yüksək deyil. Təhdid potensialı elə də yüksək olmayan bir ölkəyə qarşı mübarizədə bir sıra önəmli balansları poza biləcək qədər riskə getmək isə təxmin edilməsi çətin fəsadlar yarada bilər. Bunun yerinə, Ankara son illərdə regionda üzləşdiyi diplomatik mühasirəni yarmaq strategiyasına davam etməli, bu çərçivədə İsrail, Körfəz ölkələri, Misir, Ermənistan və Suriya ilə normallaşma prosesini daha da sürətləndirməlidir. Eyni zamanda, Türkiyənin Yunanıstanla gərginlikdə özünü destruktiv və emosional bir güc kimi yox, proqnozlaşdırıla bilən praqmatik bir oyunçu göstərməsi Ankaranın həm NATO daxilində, həm mövcud olduğu regionlarda nüfuzunu artıracaq.