Türkiyə Hərbi Hava Qüvvələri Yunanıstanın NATO təyyarələrinin uçuşuna mane olmasının qarşısını alıb.
Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, Yunanıstan ötən gün NATO “NEXUS ACE Ege” missiyası çərçivəsində Alyansın bir “E3-A AWACS” təyyarəsinin uçuşuna mane olmağa cəhd göstərib.
Bildirilib ki, “Package Arm” Egey dənizinin beynəlxalq hava məkanında uçarkən, Yunanıstana məxsus 5 fərqli hava bazasından havaya qalxan “F-16”lar radar kilidləri qoyaraq Türkiyə təyyarələrini sıxışdırıb. Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 14 “F-16” qırıcısı, 1 “HİK”, 1 “KC-135” hava tankeri və 1 “CASA” axtarış-xilasetmə təyyarəsi vasitəsilə maneni aradan qaldıraraq Yunanıstan tərəfinə cavab verib.
Yunanıstan təyyarələrinin NATO missiyasının qarşısını almaq cəhdlərinə baxmayaraq, “Paket Arm”dakı Türkiyə təyyarələri missiyanın uğurla başa çatması üçün uçuşlarını davam etdirib.
Bu missiya üçün 24 saat əvvəldən Hava Missiyası Sifarişi (ATO) tərtib edilib və NATO-dakı müttəfiqlər məlumatlandırılıb.