Türkiyə polisi İstanbulda yerli iş adamından 450 bitkoin oğurlayan cinayətkarlara qarşı ölkədə ilk əməliyyatı keçirib. Bu barədə “RİA Novosti” xəbər verir.
Özlərini polis kimi təqdim edən beş cinayətkar iş adamını zorla avtomobilə salaraq silahla hədə-qorxu gəlməklə ondan kriptovalyuta hesabına daxil olmaq üçün şifrəni tələb ediblər. İş adamının sözlərinə görə, cinayətkarlar onu 8 saat avtomobildə saxlayıblar və onu fiziki zorakılığa məruz qoyublar. Yekunda cinayətkarlar 450 bitkoini (təxminən, 3,5 milyon dollar dəyərində) ələ keçiriblər.
Zərərçəkmiş şəxs polisə müraciət edib və polis əməkdaşları nəzarət kameralarının məlumatlarını araşdırdıqdan sonra əməliyyat keçirib və beş cinayətkarın hamısını saxlayıb. Məlum olub ki, onlardan biri həbsxanadan qaçdığına görə axtarışda olub, üstəlik, cinayəti törətdikdən dərhal sonra sevgilisinə evlilik təklif edib.