Əcnəbilər ən azı 400 min dollar dəyərində daşınmaz əmlak alarsa, müstəsna şəkildə Türkiyə vətəndaşlığını əldə edəcək.
Bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müvafiq sərəncamı bu gün hökumətin mətbuat orqanı olan “Resmi Gazete”də dərc olunub.
Sənədə əsasən, qərar bir aydan sonra qüvvəyə minəcək.
Xatırladaq ki, əvvəllər Türkiyə vətəndaşlığını əldə etmək üçün 250 min dollar dəyərində daşınmaz əmlak almaq lazım idi. Bu qanun 2010-cu ilin fevralından qüvvədədir. Daşınmaz əmlakın limitinin artırılması ilə bağlı qərarı Türkiyə hökuməti aprelin ortalarında qəbul edib.
Eyni zamanda qeyd olunub ki, alınan daşınmaz əmlakın müqabilində Türkiyə vətəndaşlığı üçün müraciət edən əcnəbilərdən ən azı 3 il müddətində onu satmamaq tələb olunacaq.
Xatırladaq ki, keçən il maliyyə bazarlarındakı volatillik səbəbindən Türkiyədə əcnəbilər arasında əmlaka tələbat artıb. “Knight Frank” konsaltinq şirkətinin məlumatına görə, 2021-ci ildə dünya mənzil qiymətləri indeksində aparıcı şəhərlər siyahısına İstanbul, Ankara və İzmir daxil edilib.