Türkiyədə sığınacaq üçün müraciət edənlər bu ölkədə altı ay ərzində xüsusi icazə olmadan çalışa bilərlər.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin müvafiq qərarı Türkiyə hökumətinin rəsmi qəzetində – “Resmi Gazete”də dərc olunub.
Sənədə əsasən, təhlükəsizliklə bağlı təhdidlər səbəbindən Türkiyədə sığınacaq üçün müraciət etmiş şəxslər rəsmi strukturların xüsusi icazəsi olmadan ölkədə müvəqqəti iş tapa bilərlər.
Qayda üçüncü ölkələrə köçmək məqsədilə Türkiyə ərazisindən istifadə etməyi planlaşdıran əcnəbilər kateqoriyasına da şamil edilir.
Eyni zamanda, “Türkiyənin inkişafına xüsusi töhfə verə biləcək” peşə sahiblərinə üç ilədək müddətə xüsusi icazə olmadan işləməyə icazə veriləcək. Bu kateqoriyadan olan şəxslər dövlət orqanları tərəfindən müəyyən ediləcək.
Bununla yanaşı, əcnəbi idmançılar, məşqçilər və digər idman mütəxəssisləri üçün xüsusi viza tələbi də ləğv edilib. Həmin şəxslər klublar və ya idman federasiyaları ilə müqavilənin sonuna qədər Türkiyədə xüsusi icazə olmadan çalışa biləcəklər.