Türkiyədə booking.com platformasının fəaliyyətinin dayandırılmasına qərar verilib.
Türkiyə KİV-ləri məlumat verir ki, bir müddət öncə Türkiyə Səyahət Agentliyi Birliyi ( TÜSAB) tərəfindən məhkəməyə verilən şirkət üçün bu gün qərar qəbul edilib.
Belə ki, TÜSAB məhkəmədən Booking.com barədə tədbir görülməsini tələb edib.
Bugünkü məhkəmədə şikayətçi tərəfin tədbir tələbi qəbul edilib:
“Booking.com BV şirkətinin Booking.com üzərindən və ya yaradacaqları başqa bir sayt üzərindən Türkiyədə otel, yaşayış obyektlərinin satışa çıxarılması və satışa çıxarılmasına vasitəçilik edilməsi istiqamətindəki fəaliyyətinin dayandırılmasına qərar verilib”.
Türkiyə mediasında qeyd edilir ki, haqsız rəqabət səbəbindən fəaliyyəti dayandırılan platformaya hələlik daxil olmaq mümkün olsa da, qərarın yaxın vaxtda icrası gözlənilir.
Booking.com dünyada ucuz otel tapmağa və bronlaşdırma xidmətləri həyata keçirməyə imkan yaradır.







