”Bir neçə xain bankçı var…”
Özalın məzənnə qayçısını işlədərək kiçik devalvasiyalarla həm ölkəyə əcnəbi sərmayə çəkməsi həm də infrastruktura investisiyalarını uğurla davam etdirməsi Dəmirəlin 1991-in noyabrında “6 dəfə gedib 7-ci dəfə gəlməsiylə” səktəyə məruz qaldı: Mərkəzi Bankı Özaldan daha “şiddətli” şəkildə nəzarəti altına alan Dəmirəlin “qarşılıqsız pul kəsmə” siyasəti, nəzəriyyəyə də uyğun olaraq, bir tərəfdən, bazarda “likiditə” yaradarkən (iqtisadiyyata cavabdeh dövlət naziri Tansu Çillərin “ev və maşın açarı verəcəyik”- populizmi sadəcə bu cür dəstəklənə bilərdi), digər tərəfdən, inflyasiyanın yüksəlişini qabağı alınmaz vəziyyətə gətirdi. 1993-cü ilin iyununda baş nazir kreslosuna oturan Tansu xanımın ilk işlərindən biri Mərkəzi Banka Özaldan bəri prezidentlik edən Rüşdü Saraçoğlunun yerinə Bülənt Gültəkini gətirmək olmuş, Xəzinə isə Çillərin “beynimin yarısı” dediyi Osman Ünsala əmanət edilmişdi.
Tansu Çillərin populist pul siyasəti öz faciəvi təsirini 1994-cü ilin yanvarında ortaya qoydu: yaxşı xatırlayıram, 18 yanvardakı “qara çərşəmbə” Cümhuriyyət tarixinin ən sərt devalvasiyalarından birini xalqa yaşatmış, məzənnə qayçısının dərəcəsi açıla bildikcə açılmışdı. Yaranmış vəziyyətdə açıq pozisiyalarını qapatmaq üçün valyuta alan bankları anlamaq mümkün idi; ancaq o günlərdə Tansu Çillərin siyasi qərarları üzərində ən təsirli 2 adamdan biri olan Yalım Erezin “Bir neçə xain bankçı var..”- sözü yaddaşıma necə qazınıbsa, heç unutmuram. O “qara çərşənbə”nin qaiməsi həm dövlətin məmurlarına, həm də xalqa çox ağır oldu: baş nazir Tansu Çillər Mərkəzi Bankın prezidenti Bülənt Gültəkinin başına külqabı ataraq onu işdən qovdu, “beyninin yarısı” Osman Ünsal isə Xəzinədən ayrıldı. Çillər-Karayalçın koalisiyası vaxt itirmədən hazırladığı “islahat paketi”ni 5 apreldə açıqlayaraq xalqa acı reseptlə üzbəüz qoydu.
Türkiyə 90-cı illəri Tansu Çillər və xüsusilə, Məsut Yılmazın inanılmaz dərəcədə yüksək faizlərlə aldıqları borcların faizlərini ödəmək üçün borc almaqla keçirdi; o dönəmin fakturasını isə 19 fevral 2001-ci ildə yaşanan ən ağır devalvasiya ilə Bülənt Ecevitə ödətdirdilər: AKP o devalvasiyanın dalğasında iqtidara gəldi. Mərkəzi Bank 2 gün içində “dalğalı məzənnə”yə keçmək məcburiyyətində qaldı, əcnəbi valyutanın məzənnəsi 150% yüksəldi, baş nazirin icra aparatının həyətində bir mağaza sahibinin hesablama kassasını yerə çırpmasını təxminən 10 metr məsafədə olan Bülənt Ecevit çarəsizliklə izləyəndən sonra Dünya Bankının vitse-prezidenti Kamal Dərviş təcili Ankaraya dəvət edilərək iqtisadiyyatın idarəsi tamamilə onun əmrinə verildi. Yubanmadan işə başlayan Dərviş, qısa müddətdə hazırladığı proqramı ictimaiyyətə elan edərək, birinci növbədə, açıq valyuta pozisiyalarını qapatmaq üçün bazardan fasiləsiz şəkildə valyuta alan bankların qapısına qıfıl vurdurdu. Bu baxımdan, 2015-ci ilin fevralında Azərbaycan Mərkəzi Bankının elan etdiyi devalvasiya qərarının ertəsində adına “bank” demək 7 milyard şahid lazım olan maliyyə qurumlarının bağlanması qərarı tamamilə doğru olmuşdu-bunu qeyd etmədən keçə bilmədim…
İqtisadiyyatın ən təhlükəli düşməni…
Devalvasiya dönəmlərinin spesifik cəhətlərindən biri “fürsətçilik”dir. Əlində əcnəbi valyutası olanlar onu ehtiyac sahiblərinə daha baha qiymətə satmağa çalışarlar, banklar öz kapitallarındakı pul vəsaitlərini tez manevrlərlə dəyişdirməyə çalışarlar, valyuta məntəqələri daha çox qazanc əldə etməyə dəridən-qabıqdan çıxarlar. Bunların hamısı bazarın qanun-qaydaları çərçivəsində davam etsə belə, nəticə etibarı ilə ölkənin mənafeyini ayaqlar altına almamaq – ölkənin hər bir qurumundan fərdinə qədər hər kəsin borcudur. Çünki devalvasiyanı fürsət bilərək daha çox pul əldə etməyə çalışmaq- daha çox insanın və ya qurumun canını yandırmaqla eyni şeydir. İstənilən ölkənin “qara bazarı” devalvasiya dönəmlərinin ən təhlükəli məkanları halına gəlir ki, bu durumda kəşfiyyat orqanlarının həm ölkəyə giriş məntəqələrini, həm də qara bazarı ən sıx nəzarətdə saxlamaları lazımdır. Çünki bir gün valyutanın məzənnəsini “spekulyativ” şəkildə maksimuma yüksəldərək astronomik qazanc əldə edən “qara bazar” siçanları növbəti gün məzənnəni mümkün olduğu qədər aşağı düşürərək yenidən valyuta alaraq gətirdikləri qara pulu ölkədən çıxara bilirlər. Bu, ictimaiyyət üzərində dərin psixoloji travma da yaradır. Tarixinin ən böyük maliyyə böhranından çıxmaq üçün Türkiyə, bir tərəfdən, valyutanın məzənnəsini sərbəst buraxarkən, digər tərəfdən, valyuta bazarında, hətta qaydalara daxilində olsa belə, məzənnənin “spekulyativ” şəkildə yüksəldilməsinin qarşısını almaq üçün bütün tədbirləri görmüşdü. Türkiyədə 2015-ci ilin avqust-sentyabr ayında yaşanmış 10%-lik devalvasiya, əslində, prezident Ərdoğanın da ürəyindən olmuşdu, zira həm ixracatçılar o yolla dəstəklənmiş, həm də valyuta məzənnəsi Mərkəzi Bankın “aşağı faiz” siyasətinə görə, uzaqlaşdığı gerçək dəyərinə qovuşmuşdu. Son devalvasiya isə….
”Sağı göstərib soldan vuran” FED
Prezident Obamanın ikinci dönəminin başlanğıcında – 2013-cü ilin mayından bu günə kimi dünya bazarlarını faiz intizarında tutan FED o siyasəti Obamanın hakimiyyətinin sonuna qədər davam etdirdi. Əli Babacanı, Məhmət Şimşəki dəfələrlə dinləyərkən onların cənab Ərdoğanla, xüsusilə, “aşağı faiz” siyasətinə görə, bəzi hallarda fərqli mövqelərdən danışdıqlarına dəfələrlə şahid olsam da, fikir ayrılıqlarının daha çox “aşağı faiz-normaldan bir az yüksək məzənnə” ətrafında cərəyan etdiyi açıq idi. Ancaq gəldiyimiz nöqtədə, ələlxüsus, Donald Trumpın 8 noyabrda prezident seçilməsindən sonrakı dönəmdə dünya bazarlarını sarsıdan məzənnə yüksəlişi “faizlərə dair fikir ayrılıqları”nın əslində iqtisadiyyat üzərində dərdə dəyən təsiri olmadığını göstərdi. Zira FED-in dünya bazarları üzərindəki əsas təzyiq alətinin 2013-cü ildən bəri əslində “faiz” yox, “məzənnə” olduğu anlaşıldı. Fordist sərmayənin Gerald Forddan sonra siyasətdəki birbaşa təmsilçisi olan Trumpın hələ and içmədən ağzından çıxan hər kəlmənin inkişaf etməkdə olan ölkələrin valyuta bazarlarında yaratdığı dalğalanmaları, əslində, FED-in dünya iqtisadiyyatı üzərindəki hegemoniyasının əks-sədası saymaq olar. Türkiyədən örnək vermək lazım gəlsə: prezident Ərdoğanın “faizləri aşağı çəkməklə” bağlı çoxsaylı çağırışlarına rəğmən, birbaşa cənab Ərdoğanın göstərişi (bir az da Bərat Albayrak və Yiğit Bulutin təlqinləriylə) ilə seçilən Mərkəzi Bankın yeni prezidenti və idarə heyəti faizlərin aşağı salınmasını deyil, artırılmasını qərarlaşdırdı. Ancaq o qərar əcnəbi valyutanın məzənnəsi üzərində zərrə qədər də təsir yaratmadığı kimi, çarə prezident Ərdoğanın vətəndaşlara “Yastıq altındakı dollarınızı xırdalayın”- müraciətinə qaldı. Görürən mənzərənin semantikası bundan sonra başımızın üzərində Domokl yox, FED-in dollar qılıncının asılacağını deməyə imkan verir. Bütün ölkələr iqtisadiyyatlarını buna görə tənzimləməli, tədbirlərini buna görə görməlidirlər….
Ölkəm Azərbaycan
Dövlətin pul siyasətini müəyyənləşdirən əsas qurum kimi Mərkəzi Bankın müstəqilliyinə bundan sonra zərrə qədər də müdaxilə edilməməlidir. Çünki devalvasiyanın bazarda yaratdığı “inflyasiyaçı təzyiq” də Mərkəzi Bankın müstəqil şəkildə qəbul edəcəyi qərarlarla zəiflədilə bilinəcəkdir. İqtisadiyyat Nazirliyinin iş dünyasının kiçikdən böyüyə bütün təmsilçilərylə birbaşa əlaqə yaratması və yaranmış çətinliyin birlikdə aradan qaldırılmasının yollarının yorulub-usanmadan müzakirə edilməsi lazımdır. Vəziyyətin normallaşmasının yeganə yolu-ölkəni idarə edən hökumətin cəmiyyətin bütün təbəqələriylə ən yaxın dialoq kanallarını açmaqdan keçir. İslahatlar dərinləşdirilməli, idarəçilik aparatının maddi yükü mümkün olduğu qədər azaldılmalı, yerli özünüidarəçiliyik gücləndirilməlidir…