Türkiyədə 1 ABŞ dollarının məzənnəsi 6 lirədən aşağı düşüb. Bu barədə “Anadolu” agentliyi xəbər verir.
Məlumata əsasən hazırda 1 ABŞ dollarının dəyəri 5,88 türk lirəsinə dəyişdirilir. Avro da 7,3 səviyyəsindən 6,8 lirə səviyyəsinədək geriləyib.
Qeyd edək ki, həftənin əvvəlində Türkiyədə dolların məzənnəsi 7 lirəni keçərək rekordu təzələmişdi.
Xatırladaq ki, bu gün Türkiyə ABŞ istehsalı olan bəzi məhsullara əlavə vergi tətbiq edib.
Məlumata görə, spirtli içkilərə 140 faiz, tütünə və tütün məhsullarına 60, kosmetikaya 60, düyüyə, sərt qabıqlı meyvələrə 20, daş kömür və daş kömürdən əldə edilən məhsullara 13,7, poliamid 10, plastik əşyalara 60, yandırılmaq (odunluq) üçün nəzərdə tutulmuş ağaclara 10, minik avtomobilləri və sərnişin daşıma üçün nəzərdə tutulan mühərrikli nəqliyyat vasitələrinə 120, digər məqsədlər üçün istifadə edilən nəqliyyat vasitələrinə 10 faiz və s. digər məhsullara əlavə vergi tətbiq edilib.
Qərarda deyilir ki, qərarın yayımı tarixindən əvvəl Türkiyəyə gətirilməsi üçün daşıma sənədi hazırlanaraq yükləməsi həyata keçirilmiş əşyaların bu qərarın yayımı tarixindən etibarən ən gec 45 gün içində idxalatı ilə əlaqəli gömrük bəyannaməsinin qeydiyyatı və ya gömrük qanunverciliyi çərçivəsində xülasə ifadəsi verildiyi təqdirdə dəyişiklikdən əvvəlki əlavə maliyyə öhdəlikləri nisbəti tətbiq ediləcək.
© Sputnik Azərbaycan