“Renault Mais” şirkətinin rəhbəri Berk Çaqdaş bildirib ki, hazırda Türkiyədə hər min nəfərə 150 avtomobil düşür. Lakin yaxın gələcəkdə özəl avtomobilləri olan ailələrin sayı kəskin artacaq. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Şirkət rəhbəri müqayisə üçün konkret rəqəmlər göstərib. Onun sözlərinə görə, indi Bolqarıstanda hər min nəfərə 300, Rumıniyada 325, Almaniyada 600, ABŞ-da 875 avtomobil düşür. Lakin B.Çaqdaş hesab edir ki, Türkiyə bu sahədə Avropa ölkələrindən və ABŞ-dan xeyli geridə qalsa da, qarşıdakı 10 il ərzində vəziyyət dəyişəcək.
Qeyd edək ki, hazırda ölkədəki avtomobillərin 60-70 faizini yaxın və uzaq xaricdən idxal olunan nəqliyyat vasitələri təşkil edir. Yeri gəlmişkən, Türkiyə vətəndaşları əsasən az yanacaq işlədən maşınlara üstünlük verirlər. Onlar çalışırlar ki, əsasən mühərrikinin həcmi 1,6 litr və bundan da az olan avtomobillər əldə etsinlər.
B.Çaqdaş deyib ki, illər keçdikcə gənclər Türkiyənin iqtisadi həyatına daha fəal cəlb olunurlar. Yaxşı haldır ki, gənclər arasında məşğulluq səviyyəsi artır. Türkiyənin iqtisadiyyatı dinamik olaraq inkişaf edir. Bütün bu amillər avtomobillərə olan tələbə pozitiv təsir göstərir.
İqtisadçılar bu qənaətdədirlər ki, son illər Türkiyədə urbanizasiya prosesi sürətlənir. Bu amil də, öz növbəsində avtomobillərə olan tələbi artırır. Buna görə də, əksər mütəxəssislər yaxın illərdə Türkiyədə avtomobillərə tələbin kəskin artacağını ehtimal edirlər.
Türkiyə hökuməti ölkə iqtisadiyyatını davamlı olaraq inkişaf etdirməyə, əhalinin güzəranını yaxşılaşdırmağa çalışır. Bu ilin sonuna qədər, ən geci gələn ilin birinci yarısınadək Avropa İttifaqı (Aİ) ilə Vahid Gömrük Birliyi üzrə razılaşmanın yenilənməsi gözlənilir. Hazırda Aİ ölkələrinin Türkiyənin ixracatında payı 49 faiz təşkil edir. Razılaşmanın yenilənməsindən sonra bu göstərici 60 faizə çata bilər.
Türkiyə keçmiş MDB dövlətləri ilə də iqtisadi əlaqələrini genişləndirməyə çalışır. Dünən İstanbulda Türkiyə-Özbəkistan biznes forumu keçirilib. Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi bildirib ki, hazırda bu iki ölkə arasında ticarət dövriyyəsi 1,2 milyard dollar təşkil edir. Tərəflər ən yaxın illər ərzində ticarət dövriyyəsinin həcmini kəskin surətdə artırmaq əzmindədirlər.