Türkiyədə illik inflyasiya yenidən azalıb.
Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verilir ki, cari ilin avqust ayında illik inflyasiya 51.97% təşkil edib. İyul ayında bu rəqəm 61.78% təşkil etmişdi. Avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 2.47%, 2024-cü ilin əvvəli ilə müqayisədə isə 31.94% artıb.
Qeyd edək ki, əvvəlki ilin eyni ayına nisbətən ən az artım göstərən əsas qrup 28.96% ilə nəqliyyat qiymətləri, əvvəlki ilin eyni ayına nisbətən ən çox artım qeydə alınan əsas qrup isə 120.81% ilə təhsil qiymətləri olub.
Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək səviyyəsinə – 85,5%-ə çatmışdı, cari ildə isə bu göstəricinin ən yüksək səviyyəsi – 75.45%-lə may ayında qeydə alınıb.