Türkiyədə ABŞ və Avropanın nüfuzlu universitetlərinə qəbul üçün SAT (Scholastic Aptitude Test) beynəlxalq imtahan suallarını satan qrupu həbs edilib. Vurğulanır ki, qrupda iranlılarla yanaşı, Azərbaycan vətəndaşları da olub. Məlum olub ki, imtahandan əvvəl qrup üzvləri imtahan suallarının cavablarını 2-3 min dollara satmağa cəhd ediblər. Banker.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstintaqın məlumatına görə, mayın 7-də Türkiyənin Maliyyə Cinayətlərinə Qarşı Mübarizə Qurumuna OSTIM Texnologiya Universiteti, Ankaradakı Beştəpə Kolleci və TOBB-da imtahan ərəfəsində SAT testlərinin cavablarının 2-3 min dollara satılacağı barədə məlumat daxil olub.
Müəyyən edilib ki, imtahan sualları Azərbaycan vətəndaşları Cahid və Əli A. Tərəfindən Türkiyəyə gətirilərək “karantin” üçün nəzərdə tutulan evlərdə paylanılıb. Məslə ilə bağlı dərhal araşdırmaya başlanılıb.
Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı qrup üzvlərinin yazışmaları üzə çıxıb ki, onlar pul müqabilində tələbələrə sualları təşkil edib satıblar.
Prokurorluq bildirib ki, bu yolla şübhəli şəxslər külli miqdarda pul alıb və cəmiyyətə ziyan vurublar. Mayın 9-da 6 şübhəli nəzarətə alınaraq məhkəmə qarşısına çıxarılıb. Azərbaycan vətəndaşları Fuad K. və Əfsanə G. həbs edilib. Digər şübhəlilər Ələkbər K., Əli A., Fərmaz X. və Səid K. isə zaminə buraxılıb.
SAT imtahanı eyni vaxtda 170 ölkədə keçirilir. Bəzi ölkələrdə vaxt fərqinə görə imtahan nəticələri daha tez bəlli olur. Bütün suallar PDF formatında “Telegram”a yüklənib və 2-3 min dollara satılıb.