14 C
Baku
Friday, November 22, 2024

Türkiyədə ÜDM-in uzunmüddətli artması üçün baza formalaşdırılır

Türkiyə iqtisadiyyatında ən çətin dövr arxada qalıb və hazırda ölkədə ÜDM-in uzunmüddətli artması üçün müvafiq baza formalaşdırılır.

Bu bəyanatı Türkiyənin maliyyə və xəzinədarlıq naziri Mehmet Şimşek yerli telekanallardan birinin efirində verib. Onun sözlərinə görə, hökumət hazırkı iqtisadi kursun uğurlu olacağına əmindir. Bu, inflyasiyanın səviyyəsinin azaldılmasına da aiddir. “Məqsədimiz əhalinin rifahının sabit şəkildə artmasını təmin etmək və inflyasiyanın səviyyəsini birrəqəmli göstəriciyə düşürməkdir”, – deyə nazir vurğulayıb.

Şimşek ölkənin xarici borclara ehtiyacının azalmasına səbəb olan ticarət kəsirinin aşağı düşməsinə də diqqət çəkib.

Maliyyə naziri müsbət tendensiyalar arasında Türkiyənin valyuta ehtiyatlarının ötən həftənin sonunda 153 milyard dollara çatmasını da qeyd edib, halbuki ötən ilin mayında bu rəqəm cəmi 98,5 milyard dollar olub. Onun sözlərinə görə, Türkiyə hökumətinin üçillik Ortamüddətli İqtisadi Proqramı yaxın iki ildə qiymət sabitliyinin təmin edilməsini nəzərdə tutur: “Bu gün Türkiyədə deflyasiyanın baş verdiyinin şahidiyik. 2025-ci ilin birinci rübündə inflyasiyanın səviyyəsi 30 faizə düşəcək, gələn ilin sonunda isə qiymət artımının 20 faiz olacağı proqnozlaşdırılır”.

Nazir Türkiyə hökumətinin qarşıdakı iki il üçün prioritetinin makroiqtisadi sabitlik olduğunu vurğulayıb. O deyib: “Bu gün Türkiyə iqtisadiyyatının uzunmüddətli yüksək artımının təməli formalaşır. Bu məqsədə çatmaq üçün Türkiyə hökuməti dövlət xərclərini azaldıb. Cari ildə birbaşa dövlət investisiyalarının həcmi 15 faiz azalacaq. Eyni zamanda, dövlət üç sahədə – kənd təsərrüfatı torpaqlarının suvarılması, “yaşıl transformasiya” və sənaye zonaları ilə dəniz limanları arasında dəmir yolu xətlərinin çəkilməsi istiqamətində xərclərin məbləğini saxlayacaq və hətta onları artıracaq”.

Maliyyə Nazirliyinin rəhbəri əmin edib ki, ilin sonunda dövlət büdcəsinin nəzərdə tutulan xərclərindən kənara çıxma ehtimalı 1 faizdən çox olmayacaq.

Nazir əlavə edib ki, sadə vətəndaşlarla mütəmadi keçirdiyi görüşlərdə ölkədəki iqtisadi vəziyyətlə bağlı ictimai rəyi öyrənir.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər