9 C
Baku
Friday, December 13, 2024

Türkiyədə yaxın gələcəkdə yerli istehsal olan peyvəndlərdən istifadə ediləcək

Tezliklə daha beş yerli peyvəndimizin insanlar üzərində tətbiqinə başlanılacaq. Yaxın gələcəkdə öz peyvəndlərimizdən istifadə edəcəyik.

Bu fikirləri Türkiyənin səhiyyə naziri Fahrettin Koca ölkə ərazisində pandemiyanın başlamasının bir ili ilə əlaqədar verdiyi açıqlamasında bildirib.

Bu günə qədər Türkiyədə 10 milyon doza peyvəndin tətbiq olunduğunu deyən nazir qardaş ölkənin dünyanın vaksinasiya baxımından ən sürətli dövlətlərindən olduğunu vurğulayıb.

Bildirilib ki, 2020-ci ilin noyabr ayında Çinin istehsalçı şirkəti ilə 50 milyon dozanın alınması ilə bağlı razılıq əldə edilib: “Dünyada 7 fərqli peyvənd istifadə olunur. Türkiyə peyvənd tədarük edən ən sürətli ölkələrdən biridir. Sifarişin ilk hissəsini dekabr ayının sonunda almışıq. İki fərqli istehsalçı ilə 130 milyon doza vaksin üçün razılığa gəldik və daha üç fərqli istehsalçı ilə danışıqlar aparırıq”.

Virusun qısa müddətdə qrip kimi bir xəstəliyə çevrilməyəcəyini, ancaq, tezliklə gücünü itirəcəyini qeyd edən F.Koca ölkədə pandemiya ilə bağlı bir il ərzində görülən işlər barədə danışıb.

Bildirilib ki, Türkiyə ərazisində ilk yoluxma faktı qeydə alındıqdan dərhal sonra qabaqlayıcı tədbirlərin tətbiqinə başlanılıb. COVID-19-un son 100 il ərzində bütün dünyanın eyni anda mübarizə apardığı və ən çox insan itkisinə səbəb olan bir bəla olduğuna diqqət çəkən nazir Türkiyədə COVID-19 səbəbindən həyatını itirənlərin sayının 30 minə, ümumi yoluxanların isə 3 milyona yaxınlaşdığını deyib.

Qeyd edilib ki, payızdan əvvəl ölkə əhalisinin 50 milyonuna peyvənd tətbiq edilərsə, pandemiya ölkəyə artıq ağır təzyiq göstərə bilməyəcək və virusun yayılma sürəti əhəmiyyətli dərəcədə azalacaq.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər