15 C
Baku
Saturday, April 20, 2024

Türkiyədəki zəlzələ Azərbaycana sürtkü yağı idxalına necə təsir edəcək?

Fevralın 6-da Türkiyənin 10 vilayətində baş vermiş dağıdıcı zəlzələnin Azərbaycana sürtkü yağlarının idxalına təsir etməyib.

Ölkəyə Türkiyə, Rusiya və bir sıra Avropa ölkələrindən sürtkü yağlarının idxalı və satışı ilə məşğul olan Elşad Yusifov bildirib ki, zəlzələ baş verən ərazidə sürtkü yağı istehsalı müəssisəsi yoxdur:

“Yalnız orada yağ filtrlərinin istehsalı müəssisəsi yerləşir ki, onlarda da hansısa dağıntı qeydə alınmayıb. Yalnız məlum təkanlarla bağlı əməkdaşlar bir neçə gün işə çıxmayıb. Bu isə ümumi prosesə təsirsiz ötüşüb.

Ölkənin ən iri sürtkü yağı istehsalı müəssisələri İzmir və İstanbulda yerləşir. Ola bilsin ki, hansısa kiçik müəssisə və sexlər zəlzələ baş verən regionlarda fəaliyyət göstərir, amma biz hələ də istehsal yaxud idxalda hansısa problemin yarandığını eşitməmişik”.

Türkiyədə baş verən fəlakətin Azərbaycana sürtkü yağı idxalına və qiymətlərə təsirini şərh edən ekspert Orxan Sabiroğlu qeyd edib ki, məlum təbiət hadisəsindən öncə belə qardaş ölkədən idxal olunan avtomobil yağlarının qiymətlərində artım olması gözlənilirdi:

4a4af617 4b3b 308b 94cf 1990989a88bd

“Türkiyə istehsalı olan yağları dedikdə biz əsasən “Opet”, “Petrol Ofisi” və “Lubex”i nəzərdə tuturuq. Çünki digər markaların bazar payı o qədər də böyük deyil. Həmçinin Türkiyə istehsalı adı ilə gətirilən bir sıra sürtkü yağları Azərbaycanda satılır ki, onlar zavod yox sex mallarıdır.

Bir faktı da qeyd edim ki, hazırda ölkəyə xaricdən idxal edilən bütün avtomobil yağlarında bahalaşma dalğası gəlir. Təbii ki, bu dünyada baş verən proseslərlə bağlı bir məsələdir. Təkcə türk yox digər ölkə markaları da qiymət artımına gediləcəyi ilə bağlı xəbərdarlıq edib. Amma artım olsa belə bu çox cüzi olacaq.

Türkiyədə baş verən zəlzələ ilə bağlı isə onu deyim ki, bu ana qədər məhsul idxalı və ya qiymət artımı ilə bağlı hər hansı bir dəyişiklik olmayıb. Bunun əsas səbəblərindən biri yağ istehsalı müəssisələrin zəlzələ baş verən ərazidə olmamasıdır. Ona görə də zəlzələ istehsal və loqistika problemləri yaratmayıb”.

Qeyd edək ki, sıxlıqdan asılı olaraq 1 tonda 1 050-1 250 litr sürtkü yağı olur. Orta göstərici kimi 1 100 götürülüb. Türkiyədə məhsulun bir tonu 2 726 ABŞ dolları (2,5 ABŞ dolları 1 litr üçün), Rusiyada bir tonu 1 137 ABŞ dolları (1,03 ABŞ dolları 1 litr üçün), Almaniyada bir tonu 3 855 ABŞ dolları (3,5 ABŞ dolları 1 litr üçün), Belçikada bir tonu 3 289 ABŞ dolları (3 ABŞ dolları 1 litr üçün) və Türkmənistanda bir tonu 821 ABŞ dolları (0,75 ABŞ dolları 1 litr üçün) başa gəlir.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatlarına əsasən, 2022-ci ildə Azərbaycana 131,96 milyon ABŞ dolları dəyərində (+52 %) 66 min 615 ton (+65 %) sürtkü yağı idxal edilib.

0f0f6c00 485d 3dcb ab5e e19dc4f05ee8

Qeyd edilən dövr ərzində Azərbaycana sürtkü yağı ixracı üzrə lider mövqe Türkiyəyə məxsusdur. Digər yerlərdə isə Rusiya, Almaniya, Belçika və Türkmənistan qərarlaşır.

Belə ki, Türkiyədən 35,191 milyon ABŞ dolları dəyərində (+75,3 %) 12 min 909 ton (+55 %), Rusiyadan 33,158 milyon ABŞ dolları dəyərində (+77,3 %) 29 min 169 ton (+2,3 %), Almaniyadan 21,848 milyon ABŞ dolları dəyərində (+25 %) 5 min 667 ton (+16 %), Belçikadan 6,658 milyon ABŞ dolları dəyərində (+20 %) 2 min 024 ton (+7,2 %), Türkmənistandan 5,4 milyon ABŞ dolları dəyərində (+3,5 dəfə) 6 min 577 ton (+3,9 dəfə) məhsul gətirilib.

Mənbəreport.az
Son xəbərlər
Digər xəbərlər