Türkiyədən Çinə gedən ilk ixrac qatarı mənzil başına çatıb.
Bu barədə Türkiyə Nəqliyyat və İnfrastruktur Naziri Adil Karaismailoğlu bildirib. Nazir dekabrın 4-də İstanbuldan yola çıxan qatarın Çinin Xian şəhərinə fasiləsiz şəkildə çatmasını Türkiyənin dəmiryolu nəqliyyatındakı zəfəri adlandırıb. Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Transxəzər Şərq-Qərb dəhlizi vasitəsilə Çin istiqamətində hərəkət edən, 2 qitə, 2 dəniz və 5 ölkədən keçən yük qatarı ümumilikdə 8693 kilometr yol qət edib.
Xatırladaq ki, ilk dəfə bu marşrut üzrə Çindən çıxan tranzit yük qatarı 2019-cu ilin noyabr ayında Praqa şəhərinə çatıb. Qatar sonradan Çin-Türkiyə-Avropa xətti üzrə 10 blokdan ibarət yüklə hərəkətdə olub. Bu dəfə isə ixrac yükü daşıyan qatar ilk dəfə Türkiyədən Çinə hərəkət edib.