Son 9 ay ərzində Türkiyədən vətənə 747 mindən çox suriyalı qaçqın könüllü olaraq qayıdıb. Bundan əlavə, geri dönüş müraciətlərinin sayı da xeyli artıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “Anadolu” agentliyinə açıqlama verib.
Nazirin sözlərinə görə, Türkiyə dünyaya nümunə göstərərək suriyalıların könüllü qayıdışını dəstəkləməyə davam edir. Göstəricilər 2024-cü il 8 dekabrda Suriyada Bəşər Əsəd hökumətinin devrilməsindən sonrakı dövrə aiddir. Ümumilikdə son 9 ildə Türkiyədən Suriyaya 1.2 milyon nəfər qayıdıb.
BMT Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Kelli Klementis daha əvvəl bildirmişdi ki, 2024-cü ilin dekabrından bu yana müxtəlif ölkələrdən Suriyaya 850 mindən çox qaçqın dönüb, yaxın vaxtlarda bu rəqəm 1 milyonadək arta bilər.
Eyni zamanda, Almaniyada yaşayan 955 min suriyalıdan yalnız 1.5 min nəfər vətənə qayıtmaq qərarı verib (yanvar–may aylarında). Eyni zamanda 2025-ci ilin ilk 8 ayında 17.6 min suriyalı Almaniyada yeni sığınacaq üçün müraciət edib.