Türkiyəli iş adamı Gürcüstanın ən böyük mətbəə mərkəzini satın alıb. İş adamı xarici investisiyalı ortaqlıq çərçivəsində 1.5 milyon dollar ödəməklə mətbəə mərkəzinin sahibi olub.
Gürcüstan, Azərbaycan və Qazaxıstandakı sazişləri ilə türk iş adamlarının qlobal bazarlardakı fəallığını artırmağa yönəlmiş layihələrə imza atan Bora Yazır Gürcüstanın ən böyük mətbəə mərkəzini alıb. Bora Yazır bundan sonra Gürcüstanda xarici investisiyalı fərdi ortaqlıq təşəbbüsü ilə birlikdə fəal istehsal həyata keçirən mətbəə mərkəzinə əlavə yatırımlar edərək investisiya həcmini 2.7 milyon dollara çatdıracaq.
Qoyulan investisiyanın 55 faizlik hissəsi üçün ABŞ-ın “Goldman Sachs” İnvestisiya Bankından kredit alan Bora Yazır və ortaqları bildiriblər ki, Azərbaycan və Qazaxıstan bazarlarında müvafiq sahədə olan çatışmazlığın fərqindədirlər və növbəti həmlələrinin də bu bazarlar istiqamətində olmasında həmfikirdirlər:
“Bu gün mətbəə sektorunda rəqabətin keçmişlə müqayisədə xeyli artdığı çətin şəraitdə dünyanın ən böyük şirkətlərinin arasından yüksələrək hədəflərimizə çatacağıq. Kiçilən dünya iqtisadiyyatında böyümənin ancaq düzgün investisiya ilə təmin olunacağını vurğulayan və bu istiqamətdə yatırımlar edən bir müəssisənin rəhbəri olmaqdan şəxsim, komandam adına qürur duyuruq”.
Qeyd olunub ki, şirkət qoyulan investisiyalarla günlük istehsal potensialını 270 faiz artırıb.
Bununla həm tələbata cavab vermə qabiliyyəti artırılıb, həm də artan rəqabət mühitində rəqiblərinə qarşı üstün mövqe təmin edilib.
Bora Yazır bu innovativ yatırımların başqa dövlətlərdə də davam edəcəyini vurğulayıb.