3 C
Baku
Saturday, December 14, 2024

Türkiyəli nazir: “Orta Dəhlizə investisiya qoyulması planlaşdırılır”

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) investisiya qoyuluşu planlaşdırılır.

Bunu Türkiyənin nəqliyyat və infrastuktur naziri Adil Karaismailoğlu deyib.

Onun sözlərinə görə, Orta Dəhlizdən yüklərin daşınması artır, artan ticarət həcmlərinə cavab vermək üçün infrastrukturun imkanlarını artırmaq lazımdır: “Ona görə də biz tez-tez görüşlər keçiririk ki, dəhlizdəki bütün ölkələr üzərinə düşən vəzifəni yerinə yetirsin. Hazırda Orta Dəhliz uğurla işləyir, lakin biz bu potensialı daha da artırmalıyıq. Ona görə də biz Orta Dəhlizə investisiya qoyuluşunu planlaşdırırıq. İstər Xəzər keçidində, istərsə də Gürcüstanda yaşadığımız çətinliklərə baxmayaraq, dəhlizin imkanlarının artırılması hər zaman gündəmdədir”.

Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub.

Orta dəhliz – Çindən Türkiyəyə və eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 20-25 günə Çindən Avropaya yükləri çatdırır. Bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Bu ilin martın 31-də Azərbaycan, Gürcüstan, Türkiyə və Qazaxıstan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişaf etdirilməsi haqqında dördtərəfli bəyanat imzalayıb. Bəyanat əməkdaşlığın möhkəmlənməsinə və dəhlizin keçdiyi ölkələrin tranzit potensialının artırılmasına yönəlib.

Bəyanatda ölkələr arasında marşrutla bağlı əməkdaşlığın və Trans-Xəzər Nəqliyyat Dəhlizini beynəlxalq nəqliyyat sisteminə inteqrasiyası üçün infrastrukturun inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Əsas prioritetlərdən biri Avropa və Asiya arasında daşımalarda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəqabətədavamlılığının artırılması və bu xəttin buraxılış qabiliyyətinin yüksəldilməsi üzrə işlərin sürətləndirilməsidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər