Bu il Türkiyədə təsirli artım göstərən İstanbul broker şirkəti “Tera Yatırım Menkul Değerler AS” prezident Rəcəb Tayyib Ərdoğanın müşavirlərindən birini Direktorlar Şurasına təyin edib.
Prezident Ərdoğanın baş müşaviri və keçmiş media meneceri jurnalist Fecir Alptekin “Tera” şirkətinin müstəqil idarə heyəti üzvü olub. Bu barədə şirkət çərşənbə günü axşam saatlarında yaydığı bəyanatda bildirib. Alptekın həmçinin şirkətin korporativ idarəetmə komitəsinin sədri təyin edilib.
“Tera”nın səhmləri bu il İstanbul birjasında 3600% artaraq bütün digər türk səhmlərinin artım tempini geridə qoyub. Nəticədə şirkətin bazar dəyəri 197,2 milyard lirəyə (4,7 milyard ABŞ dolları) çatıb. Broker şirkətinin üçüncü rübdəki mənfəəti 14,5 milyard lirə təşkil edib ki, bu da ötən il qeydə alınmış 53,3 milyon lirə zərərdən xeyli yüksəkdir.
Türkiyə daşınmaz əmlak investisiya fondu “Peker Gayrimenkul Yatırım Ortaklığı AS” də Alptekini müstəqil idarə heyəti üzvü seçib. “Bloomberg”in məlumatına görə, “Tera” tərəfindən idarə olunan fond “Peker” aktivlərində təxminən 11,5% paya sahibdir.
Dünən İstanbul vaxtı ilə 17:07-də “Tera” səhmlərinin qiyməti demək olar ki, dəyişməyərək 280,75 lirə səviyyəsində qalıb.







