13 C
Baku
Tuesday, November 4, 2025

Türkiyənin özəl sektorda hazırlanmış ilk böyük peyki kosmosa buraxılıb

Tamamilə milli resurslarla hazırlanmış Türkiyənin ən böyük özəl peyki olan FGN-100-d2 kosmik səyahətini uğurla həyata keçirib.

“Baykar” şirkətindən verilən açıqlamaya görə, Selçuk Bayraktar tərəfindən qurulan “Fergani Space Technologies” startapı milli mühəndislik imkanları ilə hazırlanmış FGN-100-d2 peykini oktyabrın 2-də Türkiyə vaxtı ilə saat 08:09-da ABŞ-ın Kanaveral burnundakı SLC-40 bazasından kosmosa göndərib. Beləliklə, startapın “Mövqe təyinatı bürcləri” layihəsinin ikinci mərhələsi uğurla başa çatıb.

Türkiyənin ən böyük özəl peyki olan 104 kiloqramlıq FGN-100-d2 aparatı İlon Maskın “SpaceX” şirkətinin “Bandwagon-4” missiyasının bir hissəsi olaraq kosmosa buraxılıb. Buraxılışdan təxminən 74 dəqiqə sonra, Türkiyə vaxtı ilə saat 09:23-də bu peyk buraxılış vasitəsindən ayrılıb və hədəf orbitinə uğurla daxil olub. O, daha sonra ilk telemetriya məlumatlarını ötürməklə rəsmi olaraq öz missiyasına başlayıb.

Buraxılış prosesini “Fergani Space” şirkətinin baş direktoru Selçuk Bayraktar və Özdemir Bayraktar Milli Texnologiya Mərkəzinin Kosmik Müşahidə və İdarəetmə Mərkəzindən canlı izləyiblər.

“Fergani Space” bu layihənin birinci mərhələsini 2025-ci il yanvarın 14-də uğurla başa vurub. İlk peyk – 102 kiloqramlıq FGN-100-d1 “Transporter-12” missiyasının bir hissəsi olaraq ABŞ-ın Vandenberq kosmik qüvvələr bazasından buraxılıb. Buraxılışdan təxminən 62 dəqiqə sonra peyk uğurla orbitə daxil olub və telemetriya məlumatlarını ötürməyə başlayıb.

Bəyanatda şərhləri yer alan Selçuk Bayraktar ikinci peykin də kosmosa uğurla çatdığını bildirib. O, bu peykin quracağı Uluğ Bəy Qlobal Mövqeləndirmə Sisteminin 100 kiloqramlıq sinfində sınaq peyki olduğunu əlavə edib.

Bayraktar, 2022-ci ildə fəaliyyətə başlayan “Fergani Space” şirkətinin 135 komanda üzvü ilə səyahətinə davam etdiyini vurğulayıb. O, peyklərin mühəndisliyinin, sistemlərinin və dizaynlarının tamamilə yerli komanda tərəfindən öz resurslarından istifadə edilərək hazırlandığını və missiya müddətinin təxminən 5-7 il olacağını deyib. Bayraktar əlavə edib: “Məqsədimiz 5 il ərzində 100-dən çox peykə çatmaq, Uluğ Bəy Qlobal Mövqeləndirmə Sistemimizi müstəqil şəkildə xidmətə buraxmaq, həmçinin onu Türkiyəyə, habelə bütün dost və qardaş coğrafiyalarımıza təqdim etməkdir”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər