11 C
Baku
Saturday, December 20, 2025

Türkiyənin Rusiyadan neft idxalı kəskin şəkildə aşağı düşüb

2025-ci ilin oktyabr ayının yekunlarına əsasən, Türkiyəyə tədarük olunan Rusiya neftinin ümumi həcmi 12.6% azalıb.

Hesabat dövründə Rusiya ixracatçıları Türkiyəyə ümumilikdə 1.46 milyon ton neft göndəriblər ki, bu da sentyabrda qeydə alınan pik həddən xeyli aşağı olub.

Ümumilikdə, yanvar-oktyabr ayları ərzində Rusiyanın Türkiyəyə neft ixracı 5.8% azalaraq 13.12 milyon tona düşüb.

Bu dinamika Qərb ölkələrinin sanksiya nəzarətini sərtləşdirməsi fonunda müşahidə olunub. 2025-ci ilin oktyabr ayının ikinci yarısında ABŞ, Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Rusiyanın enerji nəhəngi “LUKOIL” şirkətini sanksiya siyahısına əlavə edib. Bundan sonra şirkət rəhbərliyi təcili olaraq beynəlxalq aktivləri üçün alıcı axtarmağa başlayıb. ABŞ Maliyyə Nazirliyi bir neçə təklifi rədd etdiyindən, “LUKOIL” hələ də bir sıra beynəlxalq layihələrdəki payları üçün alıcı tapa bilməyib.

Sanksiyaların sərtləşdirilməsi Rusiya neftinin dəniz yolu ilə əsas alıcılara çatdırılmasına da maneə yaradıb. Çin, Hindistan və Türkiyənin enerji şirkətləri alternativ təchizatçılar axtarmağa başlayıblar ki, bu da Rusiyanın xam neft ixracından əldə etdiyi gəlirlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Qeyd olunur ki, Qərbin məhdudiyyətləri “Urals” markalı neftin qiymətinə də ciddi zərbə vurub.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər