Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Baş ofisində Türkiyənin “Tekfen” şirkəti “SOCAR Polymer” şirkətinin səhmlərinin bir hissəsinin almasına dair sənəd imzalanıb.
SOCAR-a istinadən xəbər verilir ki, satılan səhmlərin 5 faizi SOCAR-a, 5 faizi isə “Paşa Holding”ə aid olub. Sənədi “SOCAR Overseas” şirkətinin direktoru Firudin Həsənovvə “Tekfen Holding”in İdarə Heyətinin sədri Murat Gigin imzalayıblar.
Xatırladaq ki, “SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılmış ilk şirkətdir. “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədi ilə 2013-cü ildə təsis edilib. “SOCAR Polymer” kompleksi illik istehsalat gücü 180 min ton polipropilen və 120min ton yüksək sıxlıqlı polietilen olan iki zavoddan ibarətdir. 2015-ci il oktyabrın 25-də Prezident İlham Əliyevin iştirakı ilə yeni texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. “SOCAR Polymer” layihəsi çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı 2018-ci il iyulun 18-də olub, yüksək sıxlıqlı polietilen zavodu isə 18 fevral 2019-cu il tarixində ölkə başçısının iştirakı ilə istismara verilib.
“SOCAR Polimer” layihəsinin ümumi investisiya dəyəri təxminən 816milyon dollar (ƏDV daxil olmaqla) təşkil edir. Bu məbləğin 60%-ni xarici kredit, 40%-ni səhmdarların nizamnamə kapitalına yatırımı təşkil edir. Müəssisədə polipropilen və yüksəksıxlıqlı polietilen məhsulu istehsal olunur.