“Türkiyədə uğurlu torpaq islahatları ilə tanış olaraq Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tətbiq etmək istəyirik”.
Bunu Ankara bürosuna açıqlamasında Türkiyədə səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasıının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri, İqtisadi Şurasının üzvü Şahmar Mövsümov deyib.
Ş. Mövsümov bildirib ki, səfərinin əsas məqsədi Türkiyədə aparılan torpaq islahatlarıyla tanış olmaq və bu sahədə təcrübələrini öyrənməkdir: “Bildiyinz kimi, işğaldan azad olunmuş torpaqlarımızda islahatların keçirilməsinə dair təkliflərin hazırlanması tapşırığı var. Bu cənab Prezident tərəfindən təsdiq olunmuş 2022-2026-cü illərdə sosial-siyasi inkişaf strategiyasında nəzərdə tutulmuş tədbirdir. Həmin tədbirə uyğun olaraq biz müxtəlif ölkələrin təcrübəsini öyrənirik.
Qardaş Türkiyədə də bu sahədə uğurlu islahatar aparılır və biz də sözü gedən islahatlarla tanış olmaq istəyirik”.
Qeyd edək ki, Ş. Mövsümov rəhbərlik etdiyi nümayəndə heyəti martın 1-dən Türkiyədə işgüzar səfərdədir.
Üç günlük səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin vitse- prezidenti Fuat Oktay tərəfindən qəbul ediləcək və heyətlərarası müzakirələr aparılacaq.
Bundan başqa kənd təsərrüfatı torpaqlarının idarə edilməsi mövzusunda çıxışlar və müzakirələr nəzərdə tutulub. Nümayəndə heyəti Kənd Təsərrüfatı və Kənd İnkişafına Dəstək İnstitutuna da baş çəkəcək, institutun təcrübələri ilə maraqlanacaq.