Bu ilin sonunadək Türkiyənin turizm üzrə ziyarətçi hədəfi 61 milyona yüksəldilib. İlin doqquz ayı ərzində ölkə turizmdən 46,9 milyard dollar gəlir əldə edib. Pandemiyadan əvvəlki dövr, yəni 2019-cu ilin eyni dövrü ilə müqayisədə ölkəyə gələnlərin sayı 18,3 faiz, ötən ilə nisbətən isə 8,7 faiz artıb.
Bu barədə Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb.
Nazirin sözlərinə görə, Türkiyə bu ilin üçüncü rübündə turizm sahəsindən 23,2 milyard dollar gəlir əldə edib ki, bu da sahə üzrə rüb hesabı ilə ən yüksək rəqəmdir.
Qeyd edilib ki, bu il Türkiyəyə gələn turistlər arasında Rusiya (5,5 milyon), Almaniya (5,2 milyon) və Böyük Britaniya (3,7 milyon) ilk üçlükdə yer alır.