Dekabrın 1-dən Türkiyə xam neft daşıyan tankerlərin boğazlardan keçməsi üçün əlavə tələb qoyur. Marşrutu Boğaziçi və Çanaqqala boğazından keçən neft daşıyıcıları sığortanın mövcudluğunu sübut etməli olacaqlar.
Bu barədə “Bloomberg” Türkiyənin Nəqliyyat nazirliyinə istinadən yazır.
Bu, Rusiya nefti ilə tankerlərin keçidini əngəlləyə bilər.
Yeni tələblərə uyğun olaraq, neft daşıyan gəmilərdə sığorta şirkətindən gəminin P&I sığortası (Protection and Indemnity, “mühafizə və kompensasiya”) olduğunu təsdiq edən məktubu olmalıdır. Sığortanın bu forması Ankaraya gəmilərinin istismarı zamanı ətraf mühitə, yüklərə və ya üçüncü şəxslərə dəyən zərər, həmçinin cərimələr zamanı öz məsuliyyətini ödəməyə imkan verəcək.
Türkiyə Nəqliyyat nazirliyinin sirkulyarında deyilir ki, gəmilər boğazlardan sığortasız keçərsə, su yollarına ciddi ziyan dəyə bilər. Bundan başqa, sığortası olmayan gəmi qəzaya düşərsə, boğazda bütün gəmilərin hərəkəti dayandırıla bilər.
Agentlik qeyd edir ki, yeni tələblər Rusiyadan neft tədarükünü məhdudlaşdıra bilər, çünki dekabrda Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın Rusiya ilə ticarətə dair əlavə məhdudiyyətləri qüvvəyə minir.
ABŞ və Böyük Britaniya Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına görə hələ mart ayında Rusiya nefti və neft məhsullarına embarqo qoyub, onların ardınca Aİ dekabrın 5-dək Rusiya Federasiyasından neftin dəniz tədarükündən imtina etmək qərarına gəlib.
Noyabrın 4-də G7 ölkələri və Avstraliya Rusiya neftinin sabit qiymətini təyin etmək barədə razılığa gəliblər. Noyabrın sonunadək qiymət tavanının razılaşdırılması planlaşdırılır.
Qlobal tanker sığortası bazarının 90%-dən çoxu “İnternational Group of P&I Clubs” sığorta şirkətləri assosiasiyasının payına düşür. Asossiasiya Avropa qanunlarına tabedir. Dekabrın 5-dən etibarən Aİ və Böyük Britaniya satılan Rusiya neftinin qiyməti tavandan yuxarı olarsa, nəqliyyat və sığorta xidmətlərinin göstərilməsini qadağan edəcək. Qiymət həddi hələlik müəyyənləşməyib, ancaq bir barel üçün 60 dollar müəyyən edilə biləcəyi bildirilir.