Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov türkmən əhalisini ərzaq məhsulları ilə təmin etmək üçün 300 milyon dollar ayırmaq qərarına gəlib.
Bu barədə ölkənin dövlət xəbər agentliyi məlumat yayıb.
Prezident bu qərarı Nazirlər Kabinetinin və Dövlət Təhlükəsizlik Şurasının birgə geniş iclasında elan edib.
İclasda Baş nazirin müavini Muhammetqulı Muhammedov əhalinin ərzaq məhsulları ilə fasiləsiz və optimal təminatı üçün müvafiq strukturlara vəsait ayrılmasını təklif edib. Bu istiqamətdə qarşıya qoyulan vəzifələrin icrası üçün 2023-cü il dövlət büdcəsində də kifayət qədər maliyyə vəsaiti də nəzərdə tutulur.
Təqdim olunan təklifləri bəyənən Berdiməhəmmədov qeyd edib ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə sahibkarların dəstəklənməsi üçün 150 milyon ABŞ dolları, o cümlədən Ticarət və Xarici İqtisadi Əlaqələr Nazirliyinə zəruri ərzaq məhsullarının alınması üçün 150 milyon dollar ayrılması barədə qərar qəbul edib.