17 C
Baku
Tuesday, April 16, 2024

Türkmənistanın Çini ‘seçməsi’ Ankarada suallar yaradır

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov bir neçə gün əvvəl Çinə səfəri zamanı bu ölkənin lideri Si Cinpinlə görüşüb. İki ölkənin lideri Çinlə Türkmənistan arasındakı münasibətlərin hərtərəfli strateji tərəfdaşlığa yüksəldildiyini elan ediblər. Bu Pekin üçün vacib gedişatdır. Bir çox ölkənin Çinin siyasəti ilə bağlı ciddi sualları olarkən Pekinin əlavə strateji tərəfdaşlara ehtiyacı var.

Sərdar Berdiməhəmmədov Pekində bildirib ki, Türkmənistan-Çin boru kəməri ilə bütün istismar müddəti ərzində 350 milyard kubmetrdən çox qaz tədarük edilib. İki ölkə arasında əməkdaşlığının ən perspektivli sahələrindən biri yanacaq-energetika sektorudur. Bunu liderlər də görüş zamanı vurğulayıblar.

Sərdar Berdiməhəmmədov Si Cinpinlə Türkmənistandan Çinə dördüncü qaz boru xəttinin tikintisini də müzakirə ediblər. Bu Çinin maraqlarına cavab verir. Çin qaz nəqlində yalnız Rusiyadan asılı olmaq istəmir. Çin Türkmənistandan qaz nəqlini artırarsa Rusiyadan aldığı qazın qiymətini endirməyə nail olacaq.

Rusiya Ukrayna müharibəsinə görə öz qazını Avropaya sata bilmir. Bu vəziyyətdə Rusiyanın iki alternativi var. Bakıda mənzillənən Atlas araşdırma mərkəzinin rəhəbəri Elxan Şahinoğlu deyir ki, Moskva Avropaya sata bilmədiyi qazı Türkiyəyə və Çinə satmağı planlaşdırır. Türkiyə Rusiyadan alacağı əlavə qazı Avropaya satacaq.

“Ancaq bunun reallaşması üçün bir neçə il lazımdır. Birincisi, Türkiyə ərazisində qaz paylaşdırıcı mərkəzlər inşa olunmalı, ikincisi qazı alacaq Avropa dövlətləri ilə danışıqlar aparılmalıdır. Buna isə vaxt lazımdır. Çinə isə bütün bunlar lazım deyil. Çin iqtisadiyyatı ildən ilə böyüyür və daha böyük enerji resurslarına ehtiyacı var. Rusiya Çinə ikinci boru xəttini də tikir. Çin Rusiya qazını alacaq, ancaq qiyməti ucuzlaşdırmaq məqsədilə başqa ölkələrdən, o cümlədən Türkmənistandan da qaz alacaq”.

Türkmənistan prezidentinin Pekinlə razılaşması və Çinə daha çox qaz nəql etmək istəyi Ankarada suallar yaradıb. Elxan Şahinoğlu əlavə edir: “Çünki Türkiyə Türkmənistan qazının bir hissəsisinin Azərbaycan üzərindən Türkiyəyə nəqlini də istəyir və bu məqsədlə danışıqlar davam edir. Ancaq əgər Türkmənistan Çinə əlavə qaz nəql edəcəksə Türkiyə üzərindən Avropaya qaz nəqlinin aktuallığı azalacaq”.

 

Son xəbərlər
Digər xəbərlər