Tütün məhsullarından istifadə hər il bu ölkəyə 2,4 milyard avro zərər vurur

Cork, Ireland

Avstriya əhalisinin tütün məhsullarından istifadəsi hər il ölkəyə 2,4 milyard avroya başa gəlir. Tütün vergisindən əldə olunan büdcə daxilolmaları isə bu göstərici ilə müqayisədə qənaətbəxş deyil.

Bu məlumat Avstriya Ali Tədqiqatlar İnstitutu tərəfindən ölkədəkı tütün istehlakına dair hesabatda yer alıb. Hesabatın hazırlanmasına rəhbərlik edən Tomas Çipionka bildirib ki, digər Avropa İttifaqı ölkələri ilə müqayisədə Avstriyada siqaret çəkənlərin sayı orta göstəricidən yuxarıdır. Tütün məhsullarının istehlakının aşağı salınması üçün dövlət tərəfindən atılan addımlara gəldikdə isə Avstriya sonuncu yerdə dayanır.

Hər il tütün istehlakına görə daha çox insan müxtəlif xəstəliklərə düçar olması ilə yanaşı, ölkə iqtisadiyyatına da tütündən istifadə böyük zərər vurur. Belə ki, siqaretdən ifrat istifadəyə görə tibbi sığorta xərclərinin artması, xəstəliyə görə əmək fəaliyyətində fasilələr və ya erkən təqaüdə çıxma halları getdikcə artmaqdadır. Bütün bu amillər 2016-cı ildə Avstriya iqtisadiyyatına ümumilikdə 2,4 milyard avroya başa gəlib.

Tədqiqat müəllifi bildirib ki, rəsmi qurumlar tərəfindən tütün məhsullarına tətbiq edilən vergilər nəticəsində büdcəyə böyük vəsaitlərin daxil olması kimi iddiaları yetərli sayıla bilməz. 2016-cı ildə tütün vergisindən dövlət büdcəsinə 1,8 milyard avro vəsait daxil olsa da, əhalinin ümumi sağlamlığının qorunması və çəkilən xərclər müqabilində bu vergitutma və ya onun həcminin artırılması çıxış yolu sayıla bilməz.

T.Çipionka Avstriyada ictimai-iaşə obyektlərində tütün istifadəsini qadağan edən qanunun hazırkı koalisiyalı hökumət tərəfindən ləğv edilməsini də tənqid edib. O, Avstriyanın Finlandiya kimi ölkələrdən nümunə götürməli olduğunu və siqaretin qadağan edilməsinin restoran sahiblərinə iqtisadi zərər verməyəcəyini bildirib.

Qeyd edək ki, 2014-cü ildə aparılmış sorğuda Avstriya əhalisinin 24 faizi gündəlik siqaret çəkdiyini deyib. Gənclərin siqaretdən istifadəsinə görə Avstriya Avropada ən pis göstəricilərə malik ölkələr sırasındadır. Avstriyada siqaret çəkən kişilərin 80 faizi, qadınların isə 72 faizi siqaret çəkməyə 19 yaşından öncə başladıqlarını etiraf ediblər.

Buna görə də Avstriya Həkimlər Palatası ictimai-iaşə obyektlərində tütün məhsullarından istifadənin qadağan edilməsini nəzərdə tutan qanunun bərpası məqsədilə bu il oktyabrın 1-dən 8-dək ölkə üzrə imzatoplama kampaniyası keçirəcək.

©AzerTag