“Twitter” sevdiyiniz bloggerlərə “çay pulu” göndərməyə imkan verən funksiyanı bütün istifadəçilər üçün açıq edib. Banker.az xəbər verir ki, sosial şəbəkə pul vəsaitlərinin göndərişindən faiz almayacağını bildirib.
Vurğulanır ki, pullar “Cash”, “Patreon”, “Venmo” və digər tətbiqlər vasitəsilə göndərilə bilər. Hələki yeni funksiya yalnız 18 yaşdan yuxarı iOS istifadəçiləri üçün əlçatandır.
“Çay pulu” bu funksiyanı aktivləşdirən bloggerlərə aiddir, bu halda onların hesabında xüsusi işarə görünür. Ona basdıqda pulu göndərmək üçün istifadə edəcəyiniz tətbiq seçilir. Şirkət qeyd edir ki, siz həmçinin “Strike” tətbiqi vasitəsilə bitkoin də göndərə bilərsiniz.
Xatırladaq ki, “Twitter”in bitkoinin inteqrasiyası ilə bağlı ilk xəbərdən sonra “Binance” kriptobirjasında kriptovalyuta 2.35% bahalaşaraq 44 955 dollara çatmışdı.
Eyni zamanda sosial şəbəkə NFT-tokenlərinin verifikasiya sistemini yaratmağı planlaşdırdığını açıqlamışdı. Bu çözüm istifadəçilərin hesablarına kriptovalyuta cüzdanlarını bağlaya biləcəklərini nəzərdə tutur. Hal-hazırda Cek Dorsinin yaratdığı “Square” ödəmə xidməti belə bir cüzdan hazırlayır.
İyul ayında Dorsi ilk dəfə olaraq platformasına bitkoin kriptovalyutasını inteqrasiya edəcəyini açıqlamışdı. Sahibkar bitkoini İnternet valyutası üçün “ən yaxşı namizəd” adlandırmışdı. 2021-ci ildə iş adamı Jay-Z ilə 23.6 milyon dollar dəyərində bitkoin fondunu işə salmışdı.