“Twitter” hesabların verifikasiya sistemini 2021-ci ildə yenidən işə salacaq

“Twitter” hesabların verifikasiya sistemini 2021-ci ilin əvvəllərində yenidən işə salmağı planlaşdırır.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Şirkətdən verilən məlumata görə, göy “quş” almaq istəyən hesablar “əhəmiyyətli” və “aktiv” olmalıdır. “Əhəmiyyətli” dedikdə, aşağıdakı kateqoriyalardan birinə daxil olan hesablar nəzərdə tutulur:

1. Dövlət: dövlət qurumlarının, prezidentlərin, səfirlərin, nazirlərin və digər rəsmi şəxslərin səhifələri;

2. Şirkətlər, brendlər və təşkilatlar: adları “Vikipediya”da olmalıdır, fond birjalarında ticarət əməliyyatlarında iştirak etməlidirlər;

3. Xəbər: KİV və onların əməkdaşlarının hesabları;

4. Əyləncə: kino- , tele- və musiqi studiyaları, aktyorlar, rejissorlar;

5. İdman: peşəkar liqalar, komandalar, idmançılar, məşqçilər;

6. Fəallar, təşkilatçılar və digər nüfuzlu şəxslər: sosial-iqtisadi, siyasi və ya mədəni dəyişikliklərə təşviq edən şəxslər.

Qeyd olunur ki, verifikasiyadan keçmək üçün hesabın sahibi haqqında tam məlumat, təsdiq edilmiş telefon nömrəsi və e-poçt ünvanı olmalıdır. Parodiya çəkən, pərəstişkar olan və s. səhifələr verifikasiyadan keçməyə bilər.

Müəyyən hallarda “Twitter” istifadəçini verifikasiyadan məhrum edə bilər, məsələn, istifadəçi məlumatlarına dəyişiklik edilərsə və ya postlarda aqressiya aşkarlanarsa. Xatırladaq ki, şirkət hesabların verifikasiyasını 2017-ci ildə dayandırmışdır.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.