“Twitter” “Periscope”un 2021-ci ilin 31 martına qədər bağlanacağını elan edib.
Banker.az xəbər verir ki, bu vaxta qədər sosial şəbəkə “Periscope”u bütün tətbiq mağazalarından çıxaracaq.
Qeyd edək ki, “Twitter” “Periscope”da yeni hesab yaratmaq imkanını artıq ləğv edib. İstifadəçilər mart ayının sonuna qədər videolarının arxivini yükləyə və “Twitter” yayımlaya biləcəklər.
“Periscope” inkişafetdiriciləri son iki ildə xidmətin populyarlığında azalma müşahidə etdiklərini bildiriblər. “Düzünü desək, Periscope bir müddətdir ki, sabit olmayan xidmət rejimində işləyir”, – deyə onlar bloqda yazıb.
Xatırladaq ki, “Twitter” “Periscope”u rəsmi təqdimatdan əvvəl 2015-ci ildə alıb. Mənbələrə görə, razılaşma sosial şəbəkəyə 100 milyon dollara başa gəlib. Tətbiqin təsisçilərindən biri Keyvon Bikpur hal-hazırda “Twitter”də top menecer vəzifəsində çalışır.
2020-ci ilin dekabrında “Twitter” videozəng zamanı ekranın görüntüsü üzərində işləyən “Squad” startapını almışdı.