ABŞ-ın “NBCUniversal” mediaşirkətinin satış üzrə direktoru Linda Yakkarino “Twitter”in yeni baş direktoru olmaq üçün danışıqlar aparır.
Bu barədə “The Wall Street Journal” mənbələrə istinadən yazıb.
Nəşrin məlumatına görə, Yakkarino 10 ildən çoxdur “NBCUniversal”da işləyir. Bütün karyerası boyunca o, reklamın effektivliyini qiymətləndirmək üçün təkmilləşdirilmiş üsulları müdafiə edib.
Mayın 11-də “Twitter”in sahibi İlon Mask şəbəkədəki eyniadlı səhifəsində altı həftə ərzində baş direktor vəzifəsini tərk edəcəyini açıqlayıb, artıq yeni namizəd tapılıb. Onun paylaşımına görə, yeni baş direktor qadın olacaq.