Uber-in ABŞ-dakı əsas rəqibi olan Lyft taksi servisi 600 milyon dollar investisiya aldı. Hal hazırda onun dəyəri 15.1 milyard dollar təşkil edir. 2017-ci ildə startapın dəyəri iki dəfə az (7.5 milyard dollar) təşkil edirdi. Şirkət yeni investisiyanı əvvəlki investorlardan əldə edib. Bu dəfəki investisiya raunduna isə Fidelity Investments maliyyə şirkəti başçılıq edib. Bundan əlavə olaraq investisiya raundunda həmçinin Alphabet holdinqinin tərkibində olan CapitalG və Yaponiyanın Rakuten şirkətləri də iştirak ediblər.
Məlumata əsasən Lyft şirkəti Uber-in IPO keçirtməsi planlarının fonunda özünün IPO-nu keçirtmək istəyirdi. Lakin çətin ki, şirkət Uber-dən tez davransın. Belə ki, Uber-in hal hazırki dəyəri 62 milyard dollar təşkil edir və onun öz IPO-nu keçirdəcəyi halda həmin IPO ən böyüklərindən biri ola bilər. 2012-ci ildə təsis edilmiş Lyft ümumilikdə investorlardan 5.1 milyard dollar investisiya əldə edib. Uber isə 9 il ərzində ümumilikdə 16 milyard dollar investisiya cəlb edib.