ABŞ-ın “Uber” şirkəti Nyu-York şəhərində müştərilərin Con Kennedi adına beynəlxalq aeroporta çatdırılması üçün helikopter-taksi servisini istifadəyə verib.
CNN telekanalına istinadla xəbər verilir ki, yeni servis “Uber Copter” adını alıb.
Bundan sonra müştərilər 200 dollar ödəyərək Manhetten rayonunun aşağı hissəsində yerləşən uçuş-eniş zolağından aeroporta uça biləcəklər. Adi taksi ilə bir saat və pik saatlarında daha uzun müddətə gedilən yolu helikopterlə təxminən 8 dəqiqəyə qət etmək mümkün olacaq.
“Uber” şirkəti uçuşların həyata keçirilməsi üçün müqavilə bağladığı “HeliFlite” şirkətinin helikopterlərindən və pilotlarından istifadə edəcək.
Qeyd edək ki, “Uber” mobil telefondakı proqram vasitəsi ilə şəxsi avtomobil sürücülərinin xidmətlərindən istifadə etməyə imkan verən avtomobil daşımaları arasında populyar onlayn xidmətdir. Əsası 2009-cu ildə sahibkarlar Trevis Kalanik və Harret Kemp tərəfindən qoyulan və mənzil qərargahı Kaliforniya ştatının San-Fransisko şəhərində yerləşən kompaniya hazırda dünyanın təxminən 80 ölkəsinin 500-dən çox şəhərində fəaliyyət göstərir.
©Azərtac