11 C
Baku
Friday, October 25, 2024

“Uber” pilotsuz avtomobillərin istehsalı şöbəsini satacaq

“Uber” pilotsuz avtomobillərin istehsalı şöbəsini Silikon Vadisindəki startaplardan biri olan “Aurora”ya satacaq. Razılaşma nəticəsində şirkət startapda 26% paya sahib olacaq, direktorlar şurasında yer qazanacaq və  400 milyon dollar sərmayə qoyacaq.

Banker.az xəbər verir ki, bu barədə razılaşma tərəflərinə istinadən “The New York Times” yazıb.

“Phantom Auto” (şirkətlərə pilotsuz maşınları idarə etməyə kömək edən startap) şirkətinin təsisçisi və baş direktoru Elliot Kaç hesab edir ki, “Uber” və “Aurora” arasında bağlanan razılaşma “çox pul xərcləmədən bu oyuna əl qoymağa”, o cümlədən gələcəkdə birjaya çıxmağa imkan yaradır. “Uber”in icraçı direktoru Dara Khosrovshahi isə “Aurora” texnologiyasının yaxın illərdə bazara çıxarılmasını səbirsizliklə gözlədiyini bildirsə də, razılaşma məsələsini şərh etməkdən imtina edib.

Xatırladaq ki, “Aurora”nın baş ofisi Silikon Vadisində yerləşir, lakin şirkətin Pittsburqda da ofisi var. Startapın baş texniki direktoru və eyni zamanda Karneqi-Mellon Universitetinin professoru Dryu Beqnell orada çalışır. “Uber”in idarəetmə texnologiyasına yiyələnməklə yanaşı, “Aurora” Pittsburqdakı mühəndis və köməkçi heyətini alacaq. Şirkətin baş direktoru Kris Urmson (“Google”un keçmiş mühəndisi) ilk məhsulunun pilotsuz taksi deyil, özü özünü idarə edən yük maşını olacağını söyləyib.

Urmsonun sözlərinə görə, yük maşınının qısamüddətli perspektivdə təhlükəsizlik baxımdan daha çox uğur qazanma şansı var: onun hərəkət trayektoriyası asanlıqla proqnozlaşdırılır və içində sərnişin olmur. “Əgər avtomobilin arxa oturacaqlarında sərnişin əyləşibsə, çox ehtiyatsız sürmək qorxunc, çox ehtiyatla sürmək isə xoşagəlməzdir. Yox, əgər sərnişin yerinə tualet kağızı daşınırsa, bu tamamilə fərqli bir məsələdir”, – Urmson söyləyib.

Nəşriyyatın qeyd etdiyi kimi, “Uber” və “Aurora” arasındakı sövdələşmə Silikon Vadisində yaranan və avtomobil istehsalçılarından milyardlarla dollar sərmayə alan layihələrin üzləşdiyi problemlərə işarə edir.

Xatırladaq ki, “Uber” şirkəti 2015-ci ildə Karneqi-Mellon Universitetinin robototexniki mərkəzinin əməkdaşlığı ilə yaradılıb.

Son xəbərlər
Digər xəbərlər