5 C
Baku
Sunday, February 5, 2023

“Uber” taksi şirkətinin 7 sürücüsü saxlanılıb – Video

İlk baxışdan hər kəsdə taksi sürücüsü təəssüratı yaradır.  Müştərilərdən gələn sifarişləri qəbul edir və onları deyilən ünvana aparır. Bununla da izini itirməyə və məqsədini gizlətməyə çalışır. Əsas niyyəti isə paytaxt ərazisində narkotik vasitlərin satışını həyata keçirmək olan “taksi sürücüsü” əsl simasını çox gizlədə bilmir.

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin satışını həyata keçirən əvvəllər məhkum olunmuş “Uber” taksi şirkətinin sürücüsü Anar Kəlbiyev ifşa edilərək saxlanılıb.

Banker.az nazirliyə istinadən xəbər verir ki, onun üzərindən, avtomobilindən və Abşeron rayonunda yaşadığı evdən külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkar olunub.

İlkin sorğu zamanı Anar Kəlbiyev narkotik vasitə və psixotrop maddələri  qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədi ilə Bakı şəhərinə gətirdiyini bildirib. Onun bu məqsədlə xaricdə yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə mütəmadi olaraq əlaqə saxladığı da həyata keçirilən texniki tədbirlərlə sübuta yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Anar Kəlbiyev barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Baş İdarə əməkdaşları tərəfindən son dövrlər ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Uber” taksi şirkətinin ümumilikdə 7 sürücüsü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslərdən 20 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunub.

Bu şəxslərin daxil olduqları şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Video linki: https://youtu.be/4f7hSsSmLro

Son xəbərlər
Digər xəbərlər
X