“Air France”, “Lufthansa” və “Etihad” aviaşirkətlərinin reklamları onların ətraf mühitə təsirlə bağlı istehlakçılara yanlış məlumat vermələri səbəbindən qadağan olunub.
“Air France” aviaşirkətinin reklamında onun “ətraf mühitin mühafizəsinə sadiq olduğu”, “Lufthansa”nın sərnişinləri “daha ekoloji” uçuşlara çağırdığı qeyd olunub. “Etihad” aviaşirkətinin reklamında isə “ətraf mühitin mühafizəsi” sözlərindən istifadə edilib.
ASA-nın məlumatına görə, reklamlar hava yollarının iqlim dəyişikliyinə təsirini əks etdirmir. “Lufthansa” və “Etihad” reklamlarını silib, “Air France” isə araşdırmaya “əhəmiyyətli cavab” verməyib. Aviaşirkətin insanlara “daha yaxşı və yaşıl səyahət” etməyə imkan verdiyi iddialarından “Air France” müştəriləri onun hava ilə səyahət etmək üçün davamlı və ekoloji cəhətdən təmiz bir yol təklif etdiyi qənaətinə gələ bilər, lakin bu, doğru deyil.
“Lufthansa”ya görə, “daha yaşıl uçmaq” sözləri Avropa reyslərində sərnişinlər üçün onun “yaşıl tariflər” seçiminə aiddir. Şirkət bəzi ekoloji cəhətdən təmiz aviasiya yanacağı istifadə etdiyini və iqlimin qorunması layihələrinə töhfə verdiyini söyləyib.
“Etihad Airways” şikayəti aldıqdan sonra ödənişli Google axtarış reklamlarından “ekoloji uçuş” ilə bağlı bütün istinadları dərhal sildiyini bildirib.
ASA “korporativ yaşıl yuyulma” kimi tanınan ekoloji etimadnamələrinin şişirdilməsi faktlarından şübhələndiyi şirkətlərin reklamlarını araşdırır. İdarə süni intellekt (AI) sistemindən istifadə etməklə qaydaların pozulmasını müəyyən edib. Dekabrın 6-da elan edilən reklam qadağası qərarı “Lufthansa”nın ASA tərəfindən “yaşıl yuyulma” faktına görə məsuliyyət daşıdığı ilk hal deyil.
Noyabr ayında Londondan Nyu-Yorka yalnız davamlı aviasiya yanacağı (SAF) ilə işləyən böyük sərnişin təyyarəsinin ilk transatlantik uçuşu baş tutdu. Bu, daha ekoloji cəhətdən təmiz uçuş vasitəsinin mümkün olduğunu nümayiş etdirmək kimi qəbul edildi. Lakin SAF qlobal miqyasda istehlak edilən aviasiya yanacağının 0,1 faizindən azını təşkil edir və hazırda Böyük Britaniyada onun istehsalı ilə bağlı xüsusi kommersiya zavodları yoxdur. Böyük Britaniya hökuməti 2030-cu ilə qədər aviasiya yanacağının 10 faizinin SAF olmasını tələb etməyi planlaşdırır.