3 C
Baku
Saturday, December 14, 2024

“Uçot dərəcəsinin artımı inflyasiyanı cilovlamağa hesablanıb”

Hazırda Azərbaycanın monetar siyasəti inflyasiyanın cilovlanması və iqtisadi artım arasında “qızıl ortanı” tapmağa hədəflənib. Əksər inkişaf etməkdə olan ölkələrdən fərqli olaraq Azərbaycanın “fiskal fəzası” bu problemi həll etməyə, xüsusən də sosial rifahı diqqətdə saxlamağa daha çox imkan yaradır.

Azərbaycan Mərkəzi Bankının bu gün qəbul etdiyi faiz dəhlizləri ilə bağlı qərarı  şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, Mərkəzi Bank məcmu tələbi və inflyasiyanı aşağı salmaq istəyəndə, nominal faiz dərəcəsini artırmaqla pul siyasətini sərtləşdirir: “Effektiv olması üçün monetar siyasət həm Lukas və Sarjentin qeyd etdiyi kimi, qabaqcadan müəyyənləşdirilə bilən, həm də Vudfordun dediyi kimi sistematik, anlaşıla bilən və şəffaf olmalıdır. Yalnız bu halda Mərkəzi Bank gözləntilərin düzgün idarə olunmasını təmin edə bilər. Monetar siyasətin məcmu tələbə əsas təsir kanalı faiz dərəcəsi və məzənnədir”.

O bildirib ki, qlobal səviyyədə inflyasiya riskləri artır: “Beynəlxalq Valyuta Fondu və Dünya Bankı başda olmaqla əksər proqnoz verən mötəbər qurumlar 2021-ci ildə sürətlənən inflyasiyanın 2022-ci ildə də həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə yüksək olacağı, yalnız 2023-ci ildə səngiyəcəyi barədə mülahizələr irəli sürürlər”.

V.Qasımlının sözlərinə görə, Azərbaycanda da inflyasiya 6,7 % olmaqla hədəf dəhlizinin yuxarı həddini – %-i aşıb: “Lakin Rusiya, Türkiyə, Avropa və ABŞ ilə müqayisə edəndə Azərbaycanda inflyasiya hədəf dəhlizindən nisbətən daha az uzaqlaşıb. Buna baxmayaraq, Azərbaycan Mərkəzi Bankı inflyasiyanı hədəf dəhlizinə qayıtmasına və lövbər salmasına çalışır”.

Mərkəzin icraçı direktoru deyib ki, inflyasiyanı izah edən Yeni Keyns nəzəriyyəsi, Pulun kəmiyyət nəzəriyyəsi, Filips əyrisi, modern monetar nəzəriyyə və bir sıra başqa yanaşmalar var: “Haşiyəyə çıxaraq deyim ki, qiymət səviyyəsinin fiskal nəzəriyyəsində (Fiscal theory of the price level (FTPL)) iddia olunur ki, qiymət səviyyəsi dövlət borcu və fiskal siyasətlə müəyyənləşir, monetar siyasət isə ən yaxşı halda dolayı təsir gücünə malikdir. Əslində qiymət səviyyəsinin fiskal nəzəriyyəsinin meydana çıxmasında əsas səbəb monetarist baxışın qiymət səviyyəsini tam izah edə bilməməsidir: çünki çox vaxt qiymətin tarazlıq səviyyəsi daha başqa amillərlə izah olunur. Azərbaycanda xarici dövlət borcunun ÜDM-in 20 %-indən az olması və icmal büdcənin ötən il 3,9 milyard manat profisiti inflyasiyanı cilovlayır”.

V.Qasımlı bildirib ki, monetar siyasət qısamüddətli dönəmdə təsirlidir, məsələn, məcmu tələbə və ya inflyasiyaya təsir etməklə: “Belə qəbul edilir ki, monetar siyasət uzunmüddətli dönəmdə neytraldır, məsələn, uzunmüddətli dönəmdə iqtisadi artıma təsir edə bilməz. Buna görə də monetar siyasətdən qısamüddətli dönəmdə məcmu tələbə təsir göstərməklə inflyasiya hədəfinə nail olmağa çalışılır. Beləliklə, monetar siyasət buraxılış (output) dinamikasına və biznes dövrünə (tsikli) təsir göstərir, başqa sözlə, monetar siyasət ya anti-tsiklik olur, ya da ki, biznes dövrünün “hamarlanmasına” xidmət edir.

Keçən il Mərkəzi Bankın sentyabr, oktyabr və dekabr aylarında uçot dərəcəsini üç dəfə ardıcıl yüksəldərək 7,25 %-ə çatdırması ilk təsirlərini qısamüddətli pul bazarında göstərir. Mərkəzi Bankın uçot dərəcəsini artırması bazara birbaşa deyil, tədriclə təsir göstərir. Çünki uçot dərəcəsi əvvəlki deyil, məhz yeni depozit və kreditlər üçün siqnaldır. Bazar iştirakçıları da buna uyğun olaraq maliyyə məhsullarının qiymətinə yenidən baxırlar, o cümlədən, uçot dərəcəsi depozit və kredit faizlərinə artırıcı təsir göstərir. Beləliklə, uçot dərəcəsinin uzunmüddətli təsirləri meydana çıxır, yüksək faizlər daha sərt monetar siyasətlə nəticələnir. Real faiz dərəcələrinin yüksəlməsi ev təsərrüfatlarının və biznesin istehlak və sərmayələrini məhdudlaşdırır. Eyni zamanda həm əhali, həm də biznes daha yüksək faizlər şəraitində daha çox yığıma meyllənirlər. Beləliklə, qısa-müddətli dönəmdə məcmu tələbin kiçilməsi ÜDM-ə də azaldıcı təsir göstərir. İnflyasiya təzyiqləri azalır. Əsas odur ki, daha yüksək cari və gözlənilən real faiz dərəcələri iqtisadi agentlərin məcmu tələbin gələcəkdə azalması ilə bağlı gözləntilərini yaradır. İnflyasiya gözləntilərinin aşağı düşməsi gələcək inflyasiyanı da cilovlayır. Göründüyü kimi, Mərkəzi Bankın uçot dərəcəsini artırması inflyasiyanı cilovlamağa hesablanıb”.

V.Qasımlının sözlərinə görə, Mərkəzi Bankın digər təsir kanalı manatın mübadilə məzənnəsidir: “Son bir ildən artıq müddətdə manatın nominal effektiv məzənnəsi həm ümümi, həm də qeyri-neft sektoru üzrə artıb. Nəticədə manatla ifadə olunan maliyyə alətlərinə yatırımlar daha cəlbedici olur. Azərbaycanın maliyyə bazarında dedollarlaşma və izafi likvidlik, həmçinin Mərkəzi Bank notları və Maliyyə Nazirliyinin dövlət qiymətli kağızlarının manatla ifadə olunan faiz dərəcələrinin region ölkələri ilə müqayisədə aşağı həddə olması da bu amillə bağlıdır. Amma etiraf edək ki, manatın real effektiv məzənnəsinin yüksəlməsi yerli məhsulları baha, xarici məhsulları isə ucuz hala gətirir. Misal kimi deyə bilərik ki, keçən il Türkiyədəki devalvasiyadan sonra bu ölkədən Azərbaycana məhsul idxalının necə sürətlə böyüməsinin şahidi olduq. Beləliklə, möhkəmlənən manat həm də daxili istehsala olan tələbi zəiflədir, idxalı stimullaşdırır və inflyasiyanı cilovlayır”.

Vüsal Qasımlı bildirib ki, buraxılış kəsiri (output gap), yəni buraxılışın mövcud həcmi ilə onun uzunmüddətli trendi arasındakı fərq inflyasiyanın əsas hərəkətverici qüvvəsidir: “Uzunmüddətli buraxılış trendi inflyasiyanın hədəf səviyyəsindən kənara çıxmadığı istehsal səviyyəsi kimi başa düşülür. İnflyasiya haqqında danışanda daha iki kəsiri qeyd etməliyik: real faiz fərqi (real interest rate gap) və real məzənnə fərqi (real exchange rate gap). Çünki bu iki kəsir monetar şəraiti şərtləndirir. Beləliklə, manatın real məzənnəsi inflyasiyanı müəyyənləşdirən əsas amildir. Baxmayaraq ki, Azərbaycanda inflyasiya daha çox qeyri-monetar amillərlə bağlıdır, amma pul siyasəti monetar şəraiti və inflyasiya gözləntilərini tənzimləməklə inflyasiya təzyiqini azaltmağa çalışır. Azərbaycanın makroiqtisadi fundamentalları, o cümlədən, icmal və tədiyyə balansının artıqlığı dezinflyasiyaya meyillilik yaradır. Çünki ölkənin əlverişli makroiqtisadi çərçivəsi valyuta bazarında tələb-təklif tarazlığını təmin etməklə qiymət sabitliyinin əsas lövbəri olan manatın məzənnəsini sabitiləşdirir. Teylor qaydasına da əsaslanaraq deyə bilərik ki, inflyasiya sürətləndikcə Mərkəzi Bank da faizləri yüksəldir. Eni zamanda Mərkəzi Bank buraxılış kəsirinə, yəni buraxılışın uzunmüddətli trenddən kənarlaşmasına və ya faktiki buraxılışın potensial buraxılışdan fərqlənməsinə reaksiya verir. Yeri gəlmişkən, Mərkəzi Bank təkcə mövcud inflyasiya deyil, həm də gələcək və ya gözlənilən inflyasiya ilə bağlı da öz siyasətini qurmalıdır”.

Mərkəzin rəhbəri deyib ki, İMF inflyasiyanı modelləşdirəndə üç parametri nəzərdən keçirməyi tövsiyyə edir: “Birincisi, marjinal xərcləri inflyasiya ilə əlaqələndirən əmsaldı. Eyni zamanda xarici tələbin ölkə iqtisadiyyatında tələbin inkişafına təsirini müəyyənləşdirən əmsal var. Deyim ki, həm marjinal xərclər artır, həm də ticarət tərəfdaşlarımızda iqtisadi artımın sürətlənməsi bizim ixracımızın artmasına təsir göstərir. İkincisi, şokların təsiridir. Məsələn, buraxılış kəsirinə təsir göstərən tələb şoku və ya xərc şoku. Bizim də buraxılış kəsirinə xərc şoku təsir göstərir. Üçüncü parametrlər dəsti iqtisadiyyatımızın uzunmüddətli perspektivdə vəziyyətini müəyyənləşdirir. Burada daha çox institutsional islahatlar, insan kapitalının inkişafı, infrastrukturun təkmilləşdirilməsi və işğaldan azad olunan ərazilərin bərpası daha çox təsir göstərəcək.

Artıq qeyd etdik ki, monetar siyasətin məcmu tələbə əsas təsir kanalı faiz dərəcəsi və məzənnədir. Real faiz dərəcəsi bugünkü istehlak ilə bugünkü yığım (hansı ki gələcəkdə istehlak və investisiya üçün əsas yaradır) arasında seçimə təsir göstərir. Real faizin yüksəlməsi monetar şəraiti sərtləşdirir və buraxılışı məhdudlaşdırır. Manatın real məzənnəsi isə yerli və xarici malların arasında tələbin dəyişməsinə təsir göstərir. Manatın mübadilə məzənnəsinin sərtləşməsi isə buraxılışa mənfi təsir göstərir”.

V.Qasımlı bildirib ki, Azərbaycan iqtisadiyyatı kiçik və açıq olduğundan, əsas ticarət tərəfdaşlarımızdakı iqtisadi fəallıq ticarət kanalları vasitəsilə bizə təsir göstərir: “Buna xarici buraxılış kəsirinin təsiri deyilir, necə deyərlər “qonşu qonşunun sağlığını istər”. Azərbaycanın ticarət tərəfdaşlarında iqtisadi artımın bərpa olunması bizim yerli məhsul və xidmətlərə ehtiyacı artırır. Yeri gəlmişkən, struktur tələb şoku da buraxılışa təsir göstərir. Azərbaycanda hazırda yüksələn istehlakçı və biznes inamı məcmu tələbə və buraxılışa müsbət təsir göstərir”.

Onun sözlərinə görə, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində inflyasiya modelləşdiriləndə həm də Filips əyrisindən istifadə olunub: “Filips əyrisinə əsasən tərtib olunmuş inflyasiya tənliyində inflyasiya aşağıdakı sərbəst dəyişənlərdən asılıdır: real marjinal xərc indeksi, inflyasiya laqı və inflyasiya gözləntisi. İnflyasiya tənliyi həm də struktur stoxastik tənlikdir, belə ki, bu tənliyə xərc şoku da daxil edilir. İnflyasiya tənliyində olan real marjinal xərc indeksi buraxılış kəsiri və mübadilə məzənnəsi kəsirinin (exchange rate gap) orta çəkili ölçüsüdür. Adətən biz kəsir (gap) deyəndə, dəyişənin özünün uzunmüddətli trendindən və tarazlıq nöqtəsindən uzaqlaşmasını nəzərdə tuturuq. Əgər buraxılış kəsiri və mübadilə məzənnəsi kəsiri sıfra bərabər olursa, deməli, xərclərlə bağlı olan inflyasiya və deflyasiya təzyiqi də aradan qalxır. Real marjinal xərc indeksində məhsul buraxılışı kəsiri yerli istehsalçıların marjinal xərclərinə, real məzənnə fərqi kəsiri isə idxalçıların marjinal xərclərinə təsir edir. Məsələn, yerli istehsalçıların məhsul və xidmətlərinə tələb artarsa, onların kapital, əmək haqqı və digər xərcləri də yüksələcək və inflyasiya təzyiqi yaradacaq. Mübadilə məzənnəsi kəsirinin də inflyasiyaya təsirinə baxaq: məsələn, nominal mübadilə məzənnəsi ucuzlaşanda real mübadilə məzənnəsi kəsiri pozitivə dəyişir. Bu halda idxal olunan malların yerli valyuta ilə xərcləri artır və inflyasiya təzyiqi yaranır. Beləliklə, real marjinal xərc indeksi müsbət olanda inflyasiya təzyiqi yaradır: buraxılış kəsiri daxili və mübadilə məzənnəsi kəsiri isə xarici təsir gücünə malikdir.

Real marjinal xərc indeksinin inflyasiyaya təsirindən danışanda qiymətlərin dəyişkənlik (rigidity) dərəcəsini də nəzərə almaq lazımdır. Belə ki, marjinal xərclərin artması qiymətlərə dərhal təsir göstərmir, bu proses tədriclə gedir. Bu mənada qiymət dəyişkənliyinin sürəti (price rigidity) monetar siyasət üçün vacib amildir. Əgər qiymətlər tamamilə çevik olsaydı, onda qiymətlər elə tənzimlənərdi ki, iqtisadiyyat həmişə uzunmüddətli tarazlıqda olsun. Belə olduğu təqdirdə monetar siyasətin real təsiri olmazdı, məsələn, qısamüddətli dönəmdə monetar siyasət buraxılışa təsir göstərə bilməzdi. Məhz qiymət dəyişkənliyi imkanı monetar siyasət üçün qısamüddətli dönəmdə təsir etmək və biznes dövlərini “hamarlamağa” şərait yaradır”.

V.Qasımlı bildirib ki, üzən rejimdə mübadilə məzənnəsinə bir sıra amillər təsir göstərir: “Birincisi, nominal mübadilə məzənnəsinin ucuzlaşması və ya bahalaşması ilə bağlı gözlənti mübadilə məzənnəsinə adekvat təsir göstərir. Əgər xarici və yerli faiz dərəcələrinin fərqi artırsa, daha doğrusu, xarici aktivlər investorlar üçün daha cəlbedici olursa, onda nominal məzənnənin ucuzlaşması baş verəcək. Bir də ki, ölkənin risk mükafatı artırsa, başqa sözlə, yerli aktivlər xarici aktivlərə nisbətən daha riskli olursa, mübadilə məzənnəsi də ucuzlaşacaq. Bu baxımdan bizdəki tənzimlənən rejim sadalanan amillərin təsirini “hamarlayır””.

O vurğulayıb ki, inflyasiyanın hədəflənməsi siyasətində inflyasiya hədəflərinin tez-tez dəyişməsi məqbul deyil: “Lakin bəzən inkişaf etməkdə olan ölkələrdə mərkəzi banklar inflyasiya hədəfini zamanla təftiş edərək dəyişirlər. Məsələn, Çexiya Mərkəzi Bankı 2010-cu ildə inflyasiya hədəfini üç faizdən iki faizə, Gürcüstan Mərkəzi Bankı isə 2009-2017-ci illərdə doqquz faizdən dörd faizə endirmişdi. Azərbaycanda inflyasiyanın hədəf dəhlizinin (4±2 %) əvvəlki səviyyədə saxlanılması bu baxımdan məqbul görünür”.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyəti bu gün faiz dəhlizi parametrlərini yüksəldərək uçot dərəcəsini 7,25 %-dən 7,5 %-ə, yuxarı həddi isə 8,25 %-dən 9 %-ə çatdırıb. Dəhlizin aşağı həddi % səviyyəsində saxlanılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər