Vətənə qayıtmaq hər bir azərbaycanlının təbii hüququdur, heç kəs onu məhdudlaşdıra bilməz və məhdudlaşdırmır. Amma texniki imkanlar, fövqəladə vəziyyətin, planlaşdırılmayan, gözlənilməz halda bizi yaxalamış situasiyanın yaratdığı məhdudiyyətlər var”.
Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
İ. Məmmədov deyib ki, Azərbaycana qayıdan istər vətəndaşlarımız, istər başqa ölkələrin vətəndaşları olsun, onların karantinə alınması 10 milyon əhalinin təhlükəsizliyini təmin etmək üçün çox vacibdir: “O insanların karantinə alınmadan ünvanlara buraxılması 10 milyon vətəndaşın təhlükəsizliyinə təhdid yaradır. Amma karantin infrastrukturun da bir həcmi, həddi var. Adamlar gəldikcə, karantinə yerləşdikcə, bu karantin infrastrukturunun imkanları tükənir. Hətta getdikcə daha çox xəstəxana bu prosesə cəlb olunur, sahibkarlar öz otellərini dövlətə qeyd-şərtsiz təqdim edirlər. Hətta bəzi sahibkarlar otellərdə karantinə alınmış insanları ərzaqla təmin edirlər, bu ağır zamanda dövlətlə, xalqla həmrəylik nümayiş etdirirlər. Amma bütün bunlara baxmayaraq, ölkəyə qayıdan insanların artması artıq getdikcə daha çox imkanlar tələb edir. Bu imkanlar da sərhədsiz, hüdudsuz deyil. Yəqin ki, Azərbaycana qayıdışın, bu axınının hansısa formada qarşısının alınmasına ehtiyac var”.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri qeyd edib ki, çox yaxşı olar ki, valideynlər, qohumlar xaricdə olan övladlarına, qohumlarına tövsiyə etsinlər ki, onlar olduqları yerlərdə qalsınlar: “Bu, həm də həmin insanların özlərinin şəxsi sağlamlığı baxımından daha təhlükəsizdir. Yəni olduqları yerdə evdə özlərini təcrid edirlər, şəhərə çıxmır, ictimai nəqliyyatda, aeroportda olmur və təyyarəyə minmirlər. Bütün bunlar onların təhlükəsizliyinə təhdiddir. Ona görə də həmin insanlar olduqları ölkələrdə evlərdə qalsalar, daha məsləhətdir. Digər tərəfdən, o insanlar Azərbaycana qayıtdıqda karantin infrastrukturunda yerləşdirmək olmur. Bunun qarşısını almaq üçün mütləq qohumlar və valideynlər tövsiyə etməlidirlər. Digər halda dövlət məcburdur ki, bunu məhdudlaşdırsın. Yəni çarter reysləri və təyyarə uçuşlarında qadağalar qoyulsun. Düzdür, bu qadağalar, məhdudiyyətlər qoyulub. Amma bu da müzakirə mövzusudur ki, uçuşlar tamamilə dayandırılsın, sərhədlər tamamilə bağlansın, gediş-gəliş tamamilə dayandırılsın. Bu da müzakirə edilən variantlardan biridir”.
APA