Ölkələrin iqtisadi inkişaf səviyyələri haqda müzakirələr apardıqda heç şübhəsiz əsas müqayisə Ümumi Daxili Məhsul (ÜDM) müstəvisində olur. Ümumiyyətlə, dünyada hal-hazırda iqtisadi rifahın hamı tərəfindən qəbul edilən ölçüsü adam başına düşən ÜDM hesab edilir. Dünya Bankı, Dünya İqtisadi Forumu və digər nüfüzlu təşkilatlar iqtisadiyyatlardakı durğunluğu, borc böhranı, istehsalın azalmasını adətən ÜDM-ə daxil olan müxtəlif komponentlərin hərəkəti ilə izah edirlər. Ancaq son illər iqtisadiyyatda aparılan araşdırmalar və mülahizələr, ÜDM-in ölkə iqtisadiyyatının və inkişafının əsas göstərici olmadığı fikrini ortaya atıb. Belə ki, ÜDM-i formalaşdıran komponentlər əlbəttə ki, iqtisadiyyatın güzgüsü sayıla bilər, ancaq bu komponentlər özü də sərbəst hərəkət etmir və müəyyən monetar və qeyri-monetar göstəricilər ilə reqressiv asılılıq formalaşdırmaqla əmələ gəlir. Ölkələrdə olan həyat səviyyəsi və rifahı ölçmək üçün təkcə ÜDM kifayət etmir, çünki inkişafın monetar olmayan başqa göstəriciləri də var ki, bunlar sosial rifaha təsir edir. Bu məqalədə ÜDM-in nəyə görə yeganə ölçü vahidi ola bilməyəcəyi və alternativ olaraq hansı indikatorların iştirakı ilə yeni ölçü vahidi tətbiq edilməsinin imkanları müzakirə ediləcək.
ÜDM brüt (gross) bir rəqəmdir. Sadə dillə desək, ÜDM iqtisadiyyatda bütün istehsal olunanların cəmidir. Yəni, istehsal olunan bütün məhsullar, müsiqi dünyasında satılan disklər, restoranlarda bişən yemək və s. hamısı ÜDM-ə aid edilir. Hətta Şimali Koreyanın əhalini ac qoymaq bahasına istehsal etdiyi nüvə başlıqlı raketlər də ÜDM-in bir hissəsini təşkil edir. Ümumiyyətlə, ÜDM termini ilk dəfə Kuznets tərəfindən Böyük Aclıq (1929-1939-cu illər arası dünyanı bürümüş maliyyə böhranı) zamanı tətbiq edilib və əsasən həmin dövrdəki istehsalat sənayesi üçün nəzərdə tutulurdu. ÜDM-lə bağlı birinci problem elə burda başlayır ki, müasir iqtisadi göstəricilər və iqtisadiyyatı əmələ gətirən faktorlar, bu göstəricinin tətbiq edildiyi illərdəki iqtisadiyyatdan çox fərqlidir. İndi ABŞ iqtisadiyyatının 80%-i xidmət sektoru çərçivəsində formalaşır. ÜDM isə xidmətdə olan inkişafı nəzərə almaq üçün ən yaxşı göstəri sayıla bilməz. Məsələn, ÜDM onu göstərir ki, xidmət sənayesində pul xərclənilir və bu sektor böyüyür. Ancaq keyfiyyətin artması barədə göstərici ÜDM ölçüsünə daxil deyil. Dünya İqtisadi Forumunda bir iştirakçının qeyd etdiyi kimi, yüksək ÜDM göstəricisi üçün biz dua etməliyik ki, təyyarələrimiz partlasın ki, yeni təyyarə istehsalına başlayaq. Yəni, ÜDM təyyarə qəzalarının azalmasını uğur kimi qeyd etmir. İkinci problem ondan ibarətdir ki, internetin geniş tətbiqi müəyyən mənada ÜDM göstəricisini aşağı salır. Məntiqlə yanaşsaq, indi rahat şəkildə online olaraq ən ucuz təyyarə biletini ala bilərik, ancaq internet olmadıqda, biz bunun üçün aviakassalara yaxınlaşırdıq və ən ucuzunu almaq şansımız yox idi. Ancaq biz avia-kassaya da, orada işləyən əməkdaşa da pul qazandırdığımızdan, ÜDM artırdı. Belə çıxır ki, internetin inkişafı və daha əlçatan olması ÜDM göstəricisini aşağı salır. Üçüncü problem odur ki, ÜDM aqreqat halda olan göstəricidir. Yəni, ÜDM üçün Bİll Gatesin sərvətində artım da, pizza satan xidmət sektorunun azacıq qazancı da ümumi bir səbətə aid edilir. Ancaq müasir dünyada, gəlirlər arasında qeyri-bərabərlik ÜDM-in iqtisadi rifahın əsas göstəricisi olması fikrini boşa çıxarır. Dördüncü problem, bugünlərdə də çox müzakirə edilən, monetar siyasət vasitəsilə əldə edilən iqtisadi böyümənin gətirdiyi problemlərdən ibarətdir. İqtisadi tsikl onsuzda vaxtaşırı böyük böhranlara gətirib çıxarır və ölkələr çıxış yolu kimi yumşaldıcı monetar siyasət tətbiq edir və iqtisadiyyat yenidən böyüyür. Lakin, bu böyümə özü də staqfilasiya və yeni böhranla nəticələnə bilər. Ancaq ÜDM üçün böyük iqtisadiyyat uğur deməkdir. Yəni, nə yolla olur olsun, hətta qısa müddətli qazanclara da yönəlmiş böyümə ÜDM-ə aid edilir. Son qeyd edəcəyimiz problem odur ki, ÜDM yalnız qeydiyyatdan keçmiş iqtisadi əməliyyatların nəticəsidir. Yaddan çıxarmaq olmaz ki, inkişafda olan ölkələrdə qadınlar evdə uşaqlarını böyüdür və ya inkişaf etmiş ölkələrdə könüllülər cəmiyyətləri pulsuz xidmətlər göstərir. Gizli iqtisadiyyat və yuxarıda sadaladıqlarımız ÜDM-də nəzə alınmır və bu o deməkdir ki, ÜDM iqtisadi vəziyyəti tam olaraq əks etdirmir.
ÜDM-in nəyə görə müasir iqtisadiyyatın tələblərinə cavab vermədiyi sualına izah tapdıqdan sonra, hansı göstəricilərin ÜDM-ə əlavə olaraq rifahın ölçü vahidi kimi tətbiq edilə biləcəyini müzakirə edək. ÜDM-i göstərici kimi inkişaf etdirmək üçün lazım olan əlavə indikatorları iki qrupa bölmək olar: sosial və ətraf mühit ilə əlaqəli göstəricilər. Birinci ondan başlayaq ki, sosial rifah dedikdə, cəmiyyət fərdlərinin həyatıında deyil, ümumi cəmiyyətdə hər bir insana və ya insanların böyük bir qrupuna, kütlələrə təsir edən iqtisadi tərəqqi başa düşülməlidir. İndiki ÜDM göstəricisi bunu hesablamadığından əlavə göstəriciyə ehtiyac var. Bütün dünyada hal-hazırda qəbul edilən sosial aspektin əsas ölçülərindən biri Fordham Sosial Sağlamlıq İndeksidir. Bu indeksə əsasən, ÜDM-in ölçə bilmədiyi və ya tam olaraq vurğulamadığı 16 sosial-iqtisadi indikator var. Əsas indikatorlar, uşaq əməyinin tətbiqi, gündəlik orta iş saatı, mənzil şəraiti, intiharların sayı, icbari tibbi sığortanın tətbiqi, təqaüdçülər arasında yoxsulluq səviyyəsi və gəlirlərin qeyri-bərabər bölgüsü sayılır. Məsələn, son 50 ildə ABŞ iqtisadiyyatı ÜDM olaraq böyüsə də, Fordham indeksində geriləyib. Yəni, iqtisadi cəhətdən irəliləyiş olsa da, sosial iqtisadi rifah geriləyir. Sosial aspektin digər bir ölçüsü Həyat Keyfiyyətinin İnkişafı İndeksidir. Bu indeks 1994-cü ildən tətbiq edilir və 18 sosial göstəriciyə müəyyən nisbi ağırlıq verərək hesablanır. Əsas tətbiq edilən göstəricilər, cinayətlərin , boşanmalar sayı, müdafiə xərcləri, xarici aktivlərdən asılılıq və s. sayılır. Bu göstəriciyə əsasən də, son yarım əsrdə ABŞ-da həyat keyfiyyəti səviyyəsi azalıb, ancaq ÜDM dəfələrlə artıb. Ətraf mühit ilə əlaqəli göstəricinin əsas indikatoru Brüt Davamlı İnkişaf indeksidir. Bu ölçü vahidinə əsasən, ÜDM ətraf mühitin yox olması hesabına formalaşmamalıdır. Bu indeksin əsas göstəriciləri kimi havanın çirklənməsi, bərpa olunmayan təbii resurslarının istifadəsi, bioloji tarazlığı və s. göstərmək olar.
Yekun olaraq onu qeyd etmək olar ki, ÜDM göstəricisi müasir iqtisadiyyatın ölçü normalarına cavab vermir. 20-ci əsrin əvvəllərində yaranmış bu göstərici, illərdir dominantlıq etsə də, bu illər ərzində dünya iqtisadiyyatı da bəlkə də tarixin ən böyük inkişaf dövrünü keçib. Əvvəllər heç kim tərəfindən ciddi qəbul edilməyən və ölçü mexanizmi olmayan gəlir qeyri-bərabərliyi kimi iqtisadi terminlər artıq daha yüksək səslə müzakirə edilir. ÜDM göstəricisi ümumi bir tapmacanın və ya puzzle-ın bir hissəsidir, ümumi şəkili görmək üçün puzzle-ın bütün hissələri birləşdirilməlidir.
— Müəllif —
Ali Dadashzade, ACCA