10 C
Baku
Friday, December 13, 2024

Uğurlu iqtisadi model siyasi toxunmazlıq deməkdir

Son zamanlar ard-arda baş verən hadisələr fonunda cəmiyyətdə qarışıq bir hiss formalaşıb. Nələr baş verir? Dünya üstümüzə gəlir və sair.

Əvvəla bütün dünya üstümüzə gəlmir. Bir neçə dövlət üstümüzə gəlir. Bu dövlətlər həmişə bizə qarşı olublar. Sadəcə əvvəllər ilan kimi səssiz sancırdılar, indi səs-küylü. Maskalar yırtılıb, niyyət və xislətlər üzə çıxıb. Dünyanın siyasi səhnəsində də belədir, cəmiyyətdə də. Uğur heç də rahat həyat bəxş etmir, düşmənləri və quyu qazanların sayını da artırır. Dost və müttəfiqlərimiz də az və zəif deyil.

Digər tərəfdən, post-pandemiya dövründə dünyadakı dəyişikliklər məhz Qafqazdan başladı. 44 günlük müharibə hərb sənayesində yeni bir cığırın başlanğıcı oldu. Enerji bazarındakı oyunçular və onların paylarının dəyişməsi, orta dəhliz, Türk Dövlətləri Birliyi ilə başlayan yeni birliklər məsələsi və ən əsası alternativ, yaşıl, bərpa olunan enerjiyə keçidin sürətlənməsi və sair. Bunlar aysberqin görünən tərəfləri, baş verəcək dəyişikliklərin çox kiçik bir parçasıdır. Qafqaz və Qafqazın ən böyük ölkəsi olan Azərbaycan bütün bu dəyişikliklərin ya bir parçasına çevrilir ya da mərkəzinə.

Qeyd olunanları və olunmayan bir çox nüansları nəzərə aldıqda üzərimizdə həm böyük məsuliyyətin, həm də görüləsi çoxlu işlərin, həyata keçirilməli böyük layihələrin olduğunu aydın bir şəkildə görməkdəyik.

Konkret olaraq, biz nəyə nail olmalıyıq? Biz böyük iqtisadi gücə və siyasi toxunulmazlığa nail olmalıyıq. Bu nə deməkdir?

Dünya 1800-cü illərin ortalarında etibarən yeni iqtisadi modellər axtarışındadır. Ən son nəticəsi təmərküzləşmə olan kapitalizmin əvvəl-axır ya yeni iqtisadi formasiyaya keçidi, ya da deformasiyaya uğrayacağı hələ 170-180 il öncə aydınlaşmağa başlamışdı. Yeri gəlmişkən, indi klassik kapitalizm ciddi bir şəkildə deformasiyaya uğramışdır. Həm real sektor, həm maliyyə sektoru, həm də ticarət əlaqələri…

Dünya yeni modellər axtarışında olarkən bir neçə modeli nəzəri olaraq hazırladı (sosializm, kommunizm) və sınaqdan keçirtdi. Alınmadı. Yeni model axtarışı və tətbiqi daha çox 2-ci dünya müharibəsindən (yeni dünya düzənindən) sonra fəallaşdı və sürətləndi. 1945-2022-ci illərdə biz əslində bir neçə fərqli modelin həyata keçməsinin şahidi olduq. Bir ölkədə uğurlu olan model digər ölkələrdə tətbiq olunmağa başladı. Məsələn, Yaponiya modeli Cənubi Koreya, Tayvan, Honq-Konq kimi Şərqi Asiya dövlətlərində, Almaniya modeli bir sıra Avropa dövlətllərində. Bu modellər inkişaf edib öz ayaqları üzərlərində möhkəm durana qədər onların kökündə daxili bazarda rəqabət və azad bazar, xarici iqtisadi əlaqələrdə proteksionist siyasət dururdu. Məsələn, Yaponiya modeli o qədər fərqli yol keçdi ki, hətta Dünya Bankından kredit götürülmədi, Dünya Bankı daxil olmaqla öz şərtlərini irəli sürərək klassik iqtisadi modellərə sadiqlik tələb edən dünya bankları və korporasiyalarını yaxına buraxılmadı, başqa sözlə həmin quruluşların Yaponiyaya mane olmamaq üçün uzaq durmaları daha məqsədəuyğun hesab edildi. Yaponiya modelini tətbiq edən Cənubi Koreyadan da həmçinin.

Almaniya modelinin formalaşmasının səbəblərini bilirik. Növbəti fərqli model Çin modeli oldu. Sosializmin hakim olduğu ölkədə bazar iqtisadiyyatının formalaşması. Növbəti fərqli model Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ). Bu model də iddialı model idi. Hipoteza quruldu. Yaxın Şərqdə müsəlman ölkəsi + resurs ölkəsi = müasir iqtisadi əlaqələrin qurulduğu, yüksək texnologiyaların tətbiq edildiyi ölkə? Bu mümkündür? Xüsusilə uğursuz Livan modelindən sonra. Tam olmasa da, müəyyən dərəcədə bu modeldən Küveyt, Bəhreyn, Oman bəhrələnməyə çalışır. Amma tam olaraq deyil. Çoxlu pul və neft başqa, neftin rolunu iqtisadiyyatdan kənarlaşdıran model başqa. Digər uğurlu bir model Norveç modelidir. Norveç modelinə yanaşma BƏƏ modelinə yanaşmanın əks qütbüdür. Hər iki model uğurludur, amma nəticəyə fərqli istiqamətlərdən gəldilər. Bu nə deməkdir? BƏƏ iqtisadi modelinin ana xəttini neft pullarını iqtisadiyyatın digər sahələrinə investisiya yatırmaqla uğurlu diversifikasiyaya (şaxələndirmədə) nail olmaq idi. İqtisadiyyatın digər sahələri inkişaf etdikcə büdcədə neftdən gələn gəlirlərin payını azaltmaq, neft gəlirlərini neft fonduna yönəltmək. Neft fondu növbəti mərhələlərdə neft pullarının iqtisadiyyata girişində bufer rolunu oynadı. Norveç modeli isə BƏƏ-nin sonda atdığı addımı əvvəldən atdı. Neft pullarının iqtisadiyyata girişini özünün neft fondu vasitəsilə əngəllədi, neft fondu bufer rolunu oynadı. Əsas incə fərq və nüans budur. Növbəti maraqlı model İsveç modelidir. Bu, vəhşi deyil, yumşaq sosial-kapitalizm modelidir. Maraqlı, xüsusilə kiçik ölkələr üçün uğurlu bir modeldir, lakin böyük dövlətlərdə tətbiq edilməsi bu gün mümkünsüz görünən bir modeldir (gələcəkdə sistemin dağılmaması naminə məcburən böyük dövlətlərdə də tətbiq ediləcəyi istisna deyil). Bununla bağlı haşiyə: ABŞ-ın top milyarderləri hökumətlərinə bizdən tutulan vergiləri çoxaldın deyə müraciət ediblər. Bir neçə digər ölkə varlıları da bu müraciətə qoşulublar (yəni oxşar müraciəti öz ölkələrinin hökumətlərinə ediblər).

Yuxarıda qeyd etdiklərim modellər əsas uğurlu iqtisadi modellərdir. Modellərdən danışarkən 2 ölkənin adını bilərəkdən çəkmədim: ABŞ və Böyük Britaniya. Çünki bu iki dövlət dünyadakı modellərin təşəbbüskarları, ideya müəllifləri və həyata keçməsində birbaşa rol oynayan dövlətlərdir. Bu iki dövlət modeli aşan ayrı məsələdir. Haşiyə: əslində ən yaşlı və unikal modellərdən biri də İsveçrə modelidir. Bu ayrıca maraqlı bir mövzudur.

Dünya iqtisadiyyatında təkcə uğurlu modellər olmayıb. Uğursuz modellər də olub, yarı uğurlu modellər də. Bütün uğurlu modelləri birləşdirən bir neçə əsas cəhət olub. Bunlardan biri güclü dövlət və dövlətçilik ənənələri (Almaniya, Yaponiya) və ya modelin həyata keçirilməsinin lap başlanğıcında sürətlə formalaş(dırıl)an dövlətçilik ənənələri. Məsələn, Tayvan, Sinqapur və sair. Xüsusilə Latın Amerikası ölkələrində modellərin, iqtisadi inkişafın alınmaması, yarımçıq qalması dövlətin zəifliyi səbəbindən oldu. Cənubi Afrika Respublikası başqa bir unikal məsələdir. Bu incə məsələdə dərinə getmədən növbəti məsələyə toxunmaq istərdim.

Çox önəmli bir nüans. Uğurlu iqtisadi modellərin olduğu bütün dövlətlər siyasi toxunulmazlıq statusu alıblar. Yəni, bu dövlətlərə təcavüz, embarqo, hətta hər hansı hörmətsizlik belə dünya gücləri tərəfindən sərt qarşılanır. Çünki bu dövlətlərə toxunmaq və ya bu dövlətlərlə bağlı hər hansı layihəni pozmaq, qarşı çıxmaq böyük riskdir. Çünki bu dövlətlərin özləri ayrıca böyük iqtisadi layihə, tətbiq olunan bir modeldir. Bu çərçivədə 2 əsas məsələyə toxunmaq istərdim:

Birincisi, əsas müttəfiq ölkəmiz olan qardaş Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyü ilə bağlı mövqeyi məsələsidir. Burada da 2 əsas variant var. Birincisi, İsveç və Finlandiyanın NATO üzvlüyünə qəbulu ideyasının arxa plana keçirilməsi və hər iki dövlətin təhlükəsizliyinə dünya dövlətlərinin zəmanət verməsi. Bu variantı əvvəldən riskli hesab edirlər. Çünki, 1990-cı illərin əvvəllərində Ukraynanı nüvə silahından imtina etməyə məhz bu variantla inandırmışdılar. O səbəbdən dünya birliyi Ukraynaya kömək etməyə həm də borclu hesab olunur. Ukrayna SSRİ-dən qalmış nüvə silahından o şərtlə imtina etmişdir ki, təhlükəsizliyinə (o cümlədən Rusiya tərəfindən təcavüzə qarşı) dünya birliyi zəmanət versin. O zəmanət də verilmişdir. Amma bu variant praktik olaraq tam işə yaramadı. Bu səbəbdən İsveç və Finlandiya məsələsində NATO-ya üzvlük ön plana çıxarıldı. Birinci variant olaraq, Türkiyənin mövqeyini bəhanə edərək ideyanı geri çəkə bilərlər. İstisna deyil. İkinci variant isə məsələnin gündəmdə qalmasıdır. Əgər NATO-ya üzvlük məsələsi ideyası gündəmdə qalarsa və Türkiyə də buna mane olarsa, bu qardaş Türkiyə üçün gələcəkdə ciddi risklər formalaşdıra bilər. Düşünürəm ki, Türkiyə Prezidenti bu dəfə də manevr edərək bu incə məsələdə əksər hallarda olduğu kimi praqmatik davranacaq.

İkinici ən əsas məsələ. Ölkəmizin iqtisadi modelə çevrilmə imkanları. (Pribaltika misalında Qafqazın 3 ölkəsinin birlikdə bir model mərkəzinə çevrilməsi daha ideal variantdır. Bunun üçün şanslar çoxdur. Amma ideal variantdır, təəssüf ki, reallıqlardan hələlik çox uzaqdır.) Çətinliklər də çoxdur. Ermənistanın sürüşkən siyasəti, iqlim dəyişikliklərinin ölkəmizə təsirləri, qonşular cəhətdən bəxtsizlik, açıq dənizə çıxışın olmaması və sair. Amma bunların hər birini tam və ya qismən kompensasiya edəcək güclü tərəflərimiz də var. Güclü tərəflərdən maksimum istifadə etməyə çalışırıq. Çünki, güclü tərəflərdən istifadə etsək də, etməsək də, risklər və çətinliklər öz rolunu oynamağa davam edir və edəcək. Bu səbəbdən, əsas strateji hədəflərdən biri iqtisadiyyatı davamlı inkişaf etdirmək, bu inkişaf yolunda uğurlu iqtisadi model tətbiqi və ölkəmizin iqtisadiyyatının region və Avropa iqtisadiyyatının qırılması çətin ola biləcək bir halqasına çevirməkdir. Bu istiqamətdə real addımlar atılmağa başlayıb. Yəni, ölkəmiz son illərdə yeni qlobal iqtisadi tendensiyalara, neft və qazdan əlavə digər layihələrə qoşulmağa başlayıb. Davos iqtisadi forumu ilə bağlı fikirlərim və çıxışlarımda bunların kiçik bir hissəsini əks etdirmişəm. Lakin, həmin qlobal layihələri tamamlayan digər məsələlərin də sürətlə həlli qoşulduğumuz beynəlxalq layihələrin səmərə və gücünü, iqtisadi və siyasi dividendlərini bir neçə qat artırar.

Həm də, ən əsası. Uğurlu iqtisadi model siyasi toxunulmazlığın qarantiyasıdır.

Elman Sadıqov, iqtisadçı-ekspert

Son xəbərlər
Digər xəbərlər