11 C
Baku
Tuesday, November 26, 2024

“Uğurlu olmaq üçün çevik olub, tez uyğunlaşmağı bacarmaq lazımdır”

Namiq Əhmədov təhsilini ilkin olaraq Rusiya Hökuməti nəzdində Maliyyə Universitetində, sonradan isə the Wharton Biznes Məktəbində MBA dərəcəsi almışdır. Qeyd edək ki, Namiq Əhmədovun professional iş təcrübəsi də təhsili kimi rəngarəngdir. O KPMG Moskvada audit, EBRD-nin Bakı və Dünya Bankının Istanbul ofisində, və sonra Londoda Credit Suisse Bank və TrailStone Group şirkətlərində investisiyalar sahəsində çalışmışdır.

— Namiq bəy, siz dünyanın ən güclü MBA məktəblərindən biri olan The Wharton Business School-u bitirmisiniz və bununla yanaşı kifayət qədər güclü professional təcrübəniz var – bu nəticələrə gedən yol nədən başlanıb, motivasiya mənbəniz nədir?

Düşünürəm ki ilkin böyük həvəsləndirici təkan Azərbaycanda, orta məktəb illərində baş verdi – ali məktəbə qəbul imtahanlarında 688 bal toplamışdım. Bu uğur, ağır zəhmətin müsbət nəticəyə gətirəcəyinə əminlik yaratdı. Sonralar yeni sınaqlarla üzləşdiyim zaman məhz bu əminlik çalışmağa stimul verirdi.

— Zəhmət olmasa təhsiliniz haqqında məlumat verərdiniz. Azərbaycanda orta məktəbi bitirdikdən sonra necə oldu ki, Rusiya Federasiyasına oxumağa getdiniz? Aldığınız təhsildən necə yararlanmısınız?

O illərdə məktəbdən sonra xaricə oxumağa getmək indiki kimi adi hal deyildi, daha çox istisna idi. Bu mərhələdə valideynlərimin dəstəyi vacib rol oynadı – onlar üçün getməyimə razılıq vermək asan olmasa da, istəyimə əngəl yaratmadılar. Nəticədə Moskvada universiteti fərqlənmə ilə bitirib istədiyim peşədə çalışmağa başladım.

Amma düşünürəm ki, Moskva təcrübəsi mənə təkcə peşəkar deyil həm də şəxsi cəhətdən çox şeyi öyrətmişdi. Ali məktəbə qəbul olunduğum zaman 16 yaşım var idi və o vaxta evdən kənarda yaşamaq təcrübəm yox idi – hətta Rusiyaya gedən zaman təyyarə ilə ilk dəfə səyahət edirdim. Moskvada təkbaşına, sərbəst yaşamaq asan olmasa da göz açıcı bir təcrübə oldu.

MBA təhsili almaq ehtiyacı sizdə nədən yarandı? Bu zamanın və düşdüyünüz mühitin tələbi idi, ya bu yüksək nəticəni əldə etmək arzusunu özünüz – özünüzə müəyyən etmişdiniz? Universitetə qəbul olmaq mərhələsi haqqında ətraflı məlumat vermənizi xahiş edirik.

Təhsilim və iş təcrübəm tam əvvəldən maliyyə sektoru ilə bağlı olub və əlbəttə ki Wharton kimi məktəbdə MBA təhsilini almaq bir arzu idi. 2011-2013 illərdə Dünya Bankında çalışdığım vaxtda, inkişaf edən bir sıra ölkələrdə layihələr üzərində işləyirdim və özüm üçün növbəti addım kimi dünyanın ən inkişaf etmiş bazarlarda çalışmağı hədəfə almışdım. Belə bir sıçrama üçün MBA ideal vasitə idi. O nöqtədə almış olduğum təcrübə MBA proqramının tələblərinə uyğun idi və çox fikirləşmədən şansımı sınamaq qərarına gəldim.

GMAT və TOEFL üzrə kifayət qədər bal toplayandan sonra, qəbul olmaq şansının olmasına inam yarandı. Onda sonra ən vacibi essaydir ki, onu həm maraqlı həm də özümün güclü tərəflərini göstərəcək şəkildə yazmaq lazım idi. Bunun üçün müəyyən qədər araşdırma aparıb, tanıdığım MBA tələbə/məzunlar ilə məsləhətləşirdim. Ən güclü məktəblərə sənəd verən bütün namizədlərin çox güclü CV-ləri olur və essay özünün fərdiliyini göstərmək imkanıdır.

Yəqinki , təhsil aldığınız müddətdə işinizdən ayrılmışdınız. Sonradan buna görə peşman olmadınız? Ümumiyyətlə Top universitetlərdə networkingin əhəmiyyəti həmişə vurğulanıb – iş axtaran zaman bunun bir faydası oldumu sizə?

Doğrudur, MBA oxumaq qərari bir sıra risklər doğurur. Müəyyən mənada sanki karyeran yenidən başlayır və bunun nəticəsi həm müsbət həmdə mənfi ola bilər. Mənim üçün Wharton kimi nüfuzlu biznes məktəbin açacağı imkanlar bu riskləri üstələmişdi və bu günə kimi peşman deyiləm.

Deyərdim ki, networking nəinki MBA proqramının, ümumiyyətlə peşəkar fəaliyyətin çox vacib hissəsidir. Top universitetlərdə bu daha da effektivdir, çünki orada ətrafdakılar dünyanın bütün yerlərindən gəlmiş, yüksək intellektə malik olan insanlardır. Bu uzun müddətli perspektivdə çox faydalı bir resursdur. Peşəkar fəaliyyətdə network həm iş axtaran zaman, həm də yeni biznes layihələrini inkişaf etdirən zaman kömək edir.

Namiq bəy, yekun sualım həmişəki kimi ümumi uğurla bağlıdır. Saytımızda çoxlu sayda hələki MBA təhsilini fikirləşən, gələcəkdə uğurlu maliyyəçi olmaq istəyən bank işçiləri, tələbələr vardır. Bu insanlara nə tövsiyə edə bilərsiniz – onlar özlərini hansı səmtə və necə yönəltsinlər? Nələrə daha çox vaxt ayırsınlar?

Bizi yaxın gələcəkdə bir çox sahələrdə fundamental dəyişikliklər gözləyir, ancaq bunların hansı formada olacağını heç kim bilmir. Belə şəraitdə uğurlu olmaq üçün çevik olub, tez uyğunlaşmağı bacarmaq lazımdır. Bu həm bizneslərə, həmdə peşəkar həyata aiddir. Artıq bu gün gördüyünüz işin 10 il sonra da mövcud olmasına arxalanmaq olmaz, əksinə davamlı olaraq zamana uyğun olan yeni bilik və bacarıq əldə etmək üçün çalışmaq lazımdır.

Bir də beynəlxalq təcrübə almağın vacibliyini qeyd etmək istərdim. Təhsil öz yerində, amma beynəlxalq mühitdə işləmək özü də bir məktəbdir və qloballaşmanın get gedə dərinləşdiyi dövrdə dəyərli bacarıqdır.

Son xəbərlər
Digər xəbərlər