15 C
Baku
Friday, March 29, 2024

Uğurlu strateji plan üçün 4 sual

Uzunmüddətli məqsədlərinə vaxtında nail olmaq istəyən hər bir qurum strateji planını formalaşdırmalı, baş verən dəyişikliklər fonunda isə bu planı mütəmadi olaraq yeniləməlidir. Təbii ki, onun icrası, dövri olaraq monitorinqi və qiymətləndirilməsi müzakirəolunmazdır, axı bu prosesin tərkib hissəsidir.

Lakin formalaşdırılan hər bir strateji plan uğurlu olurmu? Təəssüf ki, xeyr. Çünki bir çox araşdırmalar üzrə rəqəmlər onu deməyə əsas verir ki, strateji planların yalnız 30%-i uğurla nəticələnir.

+ Bəs, uğuru təmin edən ən mühüm faktor nədir?

–  Doğru suallar.

+ Bəs, bu suallar hansılardır?

–  Gəlin aşağıdakı paraqrafla davam edək.

Bu kontekstdə bir sıra versiyalar olsa da, ən böyük konslatinq şirkətlərindən elmi araşdırma, məqalə və bir çox sahələrdəki empirik təcrübələrə qədər hər kəsin 4 sualda razılaşdığını əminliklə demək olar. Əslində digər mümkün suallar da ya bu 4 suala zəmin yaradır, ya da onları daha da dəstəkləyir. Nəhayət ki həmin suallar:

Sual 1: Biz indi haradayıq?

Bu sual qurumun fəaliyyət göstəridiyi ölkənin iqtisadi, sosial və biznes mühitinin təhlilindən qurumun daxili resurslarının təhlilinə qədər bütün məsələlərə cavab axtarır. Çünki, növbəti mərhələdə qurum üçün müəyyən ediləcək strateji məqsədlər, həmin məqsədlərin sayı və həcmi məhz mövcud vəziyyətin, mövcud resursların müəyyənləşdirilməsindən asılı olacaq. Resurslar nə qədər zəngin və əlverişli olarsa qurum bir o qədər “iddialı” məqsədlər müəyyənləşdirə biləcək.

Bonus: Bu təhlili aparmaq üçün SWOT, PESTLE, Porter’s five forces, Four corner’s analysis və Value chain analysis kimi strateji təhlil alətləri sizə faydalı olacaqdır.

Sual 2: Gələcəkdə özümüzü harada görürük?

Növbə qurumu əhatə edən (xarici) və sahib olduğu (daxili) resurslar əsasında strateji məqsədlərinin müəyyənləşdirilməsindədir. Bu zaman müəyyən ediləcək məqsədlər xarici və daxili resurslarla uyğunluq təşkil etməklə yanaşı, həmin məqsədlər Spesifik, Ölçülə bilən, Əlçatan, Uyğun və Zamanla məhdudlaşdırılmış olmalıdır. Bəli, bu SMART yanaşmadır.

Bonus: SMART yanaşma bu mövzuda tətbiq edilən ən geniş alətdir.

Sual 3: Müəyyənləşdirilmiş məqsədlərə necə nail olacağıq?

Məqsədlər müəyyənləşdi. Növbə həmin məqsədlərə nail olma vasitələrindədir. Bunun üçün həmin qurum müəyyən etdiyi məqsədlərin reallaşması üçün konkret olaraq ölçüb-biçdiyi tədbirlərdən, fəaliyyətlərdən ibarət bildiyimiz “tədbirlər planı”nı, “fəaliyyət planı”nı formalaşdırılır. Bu zaman bu planlar məqsədlərin reallaşdırılmasına nə qədər uyğun, nə qədər aidiyyəti olarsa müəyyənləşdirilmiş məqsədlərə bir o qədər uğurla nail olmaq olar. Xüsusilə ölçüləbilən icra indikatorlarının olması həm tədbirlərin, həm də dolayısı ilə strateji məqsədlərin icra olunmasını qaçınılmaz edəcəkdir (ölçə bilmədiyiniz nəyi isə idarə etmək və ondan nəticə almaq asan olmayacaqdır).

Sual 4: Müəyyənləşdirilmiş məqsədə nail ola bilmişikmi?

Tədbirləri də icra etdik. Lakin bu tədbirlərə, dolayısı ilə strateji məqsədlərə hansı həcmdə nail olunub-olunmaması isə mütəmadi olaraq bu tədbirlərin monitorinq edilməsi və müəyyən periodlar (rüblük, yarımillik) üzrə  qiymətləndirilməsindən asılıdır. Qiymətləndirilmələr həmin tədbirlər üzrə həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri üzrə aparılmalıdır. Siz bu qiymətləndirmənin nəticəsində strateji məqsədlərinizə hansı ölçüdə nail olduğunuzu müəyyən edə biləcəksiniz.

Sonda qeyd etməliyəm ki, strateji planının icrasının davamlı olaraq uğurla aparmaq və plan üzrə müəyyən edilmiş strateji məqsədlərə nail olmaq üçün hər zaman nəzərdə tutulmalı və riayət edilməli faktor –  kommunikasiyadır.

Müəllif: Orxan Məmmədli

Son xəbərlər
Digər xəbərlər