11 C
Baku
Monday, November 18, 2024

Uğursuzluq gələcək uğurun dadını daha şirin edirmi?

Hər birimizin həyatında müəyyən uğursuzluqlar olub – müsahibədə və ya yekun imtahanda. İstəsək də, istəməsək də, uğursuzluqlar həyatın ayrılmaz hissəsidir. Və bəzən əminik ki, əgər rastlaşdığımız çətinliklərin öhdəsindən gəlsək, gələcək uğurun dadı daha şirin olacaq. Lakin, yeni araşdırmalar bu fikri şübhə altına alır. Əslində, ilkin uğursuzluq müvəffəqiyyətin sizə verdiyi zövqün olduğundan daha aşağı qiymətləndirilməsinə səbəb ola bilər.

Belə ki, insanların çətinliklərə verdiyi reaksiya onların qərarlarına və nailiyyətlərinə güclü təsir göstərir. Araşdırmada bu baxımdan hedonik gözləntilərin əsas rol oynadığı sübut edilir. Məsələn: “Bu məqsədə çatsam, nə qədər xoşbəxt olacağam?” Araşdırmanın əsas məqsədi uğursuzluğun bu kimi gözləntilərə necə təsir göstərdiyini öyrənmək idi. Sizcə, insanlar öz xoşbəxtliklərini proqnozlaşdıra bilərlərmi?

“Olmadığımız yer daha yaxşıdır” və ya “qonşunun out daha yaşıl olur” kimi atalar sözləri insanların əksər vaxtı nələrə sahib olmadıqları haqqında düşündüklərini göstərir. Marketinq bu meyldən istifadə edir: şirkətlər süni olaraq çatışmazlıq yaratmaq, o cümlədən məhsulların populyarlığını artırmaq üçün əllərindən gələni edirlər. Bu məntiqə görə, bir şeyi əldə etmək nə qədər çətindirsə, həmin məhsul bir o qədər yüksək qiymətləndirilir. Bəs bu, adi insanlar arasında uğursuzluğu qəbul etmək üçün yaxşı modeldirmi?

Əgər Ezopun “Tülkü və üzüm” nağılını xatırlayırsınızsa, məğlubiyyətin çox vaxt tam əks effekt verdiyini bilirsiniz. Daha sadə desək, uğursuzluqla qarşılaşmış insan əvvəlki planlarından imtina etmək qərarını verir. Nağılda bir tülkünü bağda asılmış bir üzüm dəstəsi cəlb edir. Tülkü bütün var-gücü hoppansa da, üzüm dəstəsinə çata bilmir və onun yerdən çox yüksəkdə asılı olduğunu başa düşür. Nəticədə, tülkü giləmeyvənin hələ turş olduğunu düşünür və üzüm dərib yemək planından imtina edir. Beləliklə, ilk uğursuzluğun gələcək uğuru daha az cəlbedici etdiyini söyləyə bilərik.

Tədqiqat qrupumuz bu fərziyyəni yoxlamaq üçün Norveçdə və ABŞ-da bir sıra təcrübələr apardı. Adətən hər tədqiqatda təsadüfi olaraq iki qrupa ayrılan təxminən 1200 nəfər iştirak edirdi. İştirakçıların bir yarısına koqnitiv testin nəticələrinə görə ən aşağı, digər yarısına isə ən yüksək bal toplayanlar arasında düşdüyü deyildi. Daha sonra onlardan ən yaxşı nəticə əldə etmiş iştirakçılar arasında olsalar özlərini necə hiss edəcəklərini təxmin etmələri istəndi. Bütün iştirakçılar əldə edəcəkləri xoşbəxtlik, minnətdarlıq və qürur hissinin miqdarına görə gələcək uğurun “dəyərini” 10 ballıq şkala üzrə qiymətləndirdilər.

Əgər “qonşunun otu daha yaşıl olarsa”, məntiqlə zəif bal toplayan insanlar gələcək uğurlardan daha çox məmnunluq gözləyəcəklər. Yox, əgər iştirakçılar Ezopun nağılındakı tülkü kimi reaksiya versələr, gözləntilər daha az olacaq və onlar uğursuzluqlardan uzaqlaşmağa çalışacaqlar.

Nəticələr ilkin uğursuzluğun gələcək müvəffəqiyyəti daha az cəlbedici etdiyini göstərdi. Ezopdan ilham alaraq bu fenomeni “turş üzüm effekti” adlandırdıq, yəni əlçatmaz hədəflərin və mükafatların dəyərini azaltmaq meyli.

Turş üzüm effekti həyatda istədiklərimiz barədə özümüzə danışdığımız hekayələrin həqiqətən əldə edə biləcəyimiz şeylərlə məhdudlaşdığını göstərir. Çox vaxt buna çatmayana qədər nəyi və ya nə qədər istədiyimizi həqiqətən bilmirik. Digər müəlliflər tərəfindən aparılan araşdırmalarda da oxşar nəticələr əldə edildi.

Lakin şəxsi hədəflərdən uzaqlaşmaq, diqqəti qeyri-mümkün hədəflərdən real hədəflərə yönəltmək üçün faydalı strategiya ola bilər. İqtisadçıların dediyi kimi, “alternativ imkanlar” həmişə nəzərdən keçirilməlidir. Yox, əgər “turş üzüm effekti” çox erkən ortaya çıxarsa və insanlar uğursuzluqlardan qorxmağa başlayarsa, nəticə etibarilə itki böyük ola bilər. Belə ki, onlar əvvəllər qeyri-mümkün görünən bir şeyin indi mümkün olduğunu görə bilməyəcəklər.

Son xəbərlər
Digər xəbərlər