Bəzi insanların bəxtinin digərlərindən daha çox gətirdiyini yəqin ki, müşahidə etmisiniz. İngiltərədən olan psixologiya professoru bu fenomeninin səbəbini aşkar edib və taleyin sevgili şəxsinə necə çevrilməyin mümkün olduğunu təyin edib.
Banker.az sözügedən bu araşdırmanı təqdim edir.
Bəxti gətirən insanları şanssızlardan nə fərqləndirir:
Hertfordshire universitetində psixologiya professoru olan Richard Wiseman uğur qazanan insanlarla şanssızlar arasında fərqlərin nədən ibarət olduğunu aydınlaşdırmaq qərarına gəlib.
Wiseman araşdırma gedişində belə qənaətə gəlir ki, şanslı insanlar yüksək dərəcədə ekstravert olan şəxslərdir. Onlar başqaları ilə müqayisədə iki dəfə daha çox təbəssüm edir və digərləri ilə göz kontaktını dəstəkləyirlər. Alim belə hesab edir ki, məhz ünsiyyətcillik və ətrafdakı insanlara qarşı açıq olmaq xoşbəxt imkanları cəlb etməyə kömək edir.
Şanssız insanlar isə bunun əksinə emosional qeyri-sabitliyə, həyəcana və mənfi emosiyalara meyillidirlər.
Wiseman bir sıra maraqlı eksperiment həyata keçirib. Alim həyəcanın insana təsirini aydınlaşdırmaq üçün birinci qrupun üzvlərindən kompüterin ekranının mərkəzində hərəkət edən nöqtəyə baxmağı tələb edir. Bir müddətdən sonra ekranın künclərində böyük nöqtələr peyda olur və eksperimentdə iştirak edən hər kəs onları görür. Alimlər ikinci qrupun iştirakçılarına isə diqqətlərini yalnızca mərkəzi nöqtə üzərində cəmləmələri qarşılığında pul mükafatı təklif edir. Eksperiment iştirakçılarının üçdə bir hissəsindən çoxu pul əldə etmək arzusuna görə stress vəziyyətində digər nöqtələrin heç birinə diqqət yetirmir.
Eksperiment göstərib ki, həyəcan bütün diqqəti eyni bir tapşırıq üzərində cəmləməyə kömək etsə də, yeni imkanları görməyə qoymur.
Richard Wiseman digər eksperiment iştirakçılarına bir qəzet verir və ondakı şəkilləri saymağı xahiş edir. Şanssız insanlar bu məşğuliyyətə təqribən 2 dəqiqə, şanslı insanlar isə bir neçə saniyə sərf edir. Məsələ ondadır ki, artıq ikinci səhifədə yazılmışdı: “Bəsdir saydınız! Bu qəzetdə 43 şəkil var”. Şanslı insanlar bu yazını dərhal görür. Onlar daha diqqətlidirlər.
Şanslı insanlar həyata qarşı daha optimist baxışlara sahibdirlər. Hətta nə isə yolunda getmədikdə belə, onlar hər vəziyyətin müsbət cəhətini axtarırlar.
Uğuru cəlb etməyin 3 üsulu
Wiseman həmçinin insanın şanslı birinə çevrilə bilib, bilməyəcəyini aydınlaşdırmaq qərarına gəlib və eksperiment iştirakçılarından bunun üçün bir neçə “məşqi” yerinə yetirməyi tələb edib. Bir ay sonra araşdırma iştirakçılarının 80%-i xoşbəxt olduqlarını, həyatlarından razılıq duyduqlarını və ən əsası şanslı olduqlarını iddia edirdi.
Wiseman onlardan bunları etməyi tələb etmişdi:
- Geniş düşünün
Məqsədinizə çatıb, çatmayacağınız ilə bağlı daimi narahatlıqlara görə perspektivli imkanları əldən verə bilərsiniz. Bütün yeniliklərə açıq olun. Belə olduqda uduşlu bileti seçmək şansınız daha çox olacaq.
- Həyata pozitiv yanaşın
Hər şeydə yalnız mənfi cəhətləri görmək lazım deyil. Bu yanaşma tərzi həyat gücünüzü tükədir. Nəyəsə görə gileylənmək əvəzinə, daha pis bir şey baş vermədiyinə görə minnətdar olun.
- Bu həftə ərzində heç vaxt etmədiyiniz bir şeyi edin
Monoton həyat tərzi sıxıntıya səbəb ola bilər. Əgər hər gün eyni insanlarla ünsiyyət qurursunuzsa, eyni bir yeməyi yeyirsinizsə və rutin işlə məşğulsunuzsa, həyatınıza müxtəliflik qatmağa çalışın. Komfort zonasından çıxmaq uğuru iki əlli tutmaq üçün bir şansdır.
Bəli, bəzilərimiz böyük imtiyazlarla doğulur. Lakin öz uğursuzluqlarımıza görə həyat şərtlərini və yaxud digər insanları günahlandırmaq lazım deyil. Xoşbəxtliyinizin məsuliyyətini öz əllərinizə alın!