Ukrayna Ali Radasının bir qrup deputatı Belarus Respublikasının ərazisinin Rusiya Federasiyası tərəfindən “işğalını” pisləyən bəyanat qəbul etməyi təklif edib.
Müvafiq qətnamə layihəsi artıq Ukrayna parlamentində qeydə alınıb.
Sənədin həmmüəlliflərdən olan “Avropa Həmrəyliyi” fraksiyasının üzvü Aleksey Qonçarenko öz “Telegram” kanalında qeyd edib ki, belə bir bəyanatı qəbul etməklə Ukrayna Belarusun Rusiya tərəfindən müvəqqəti “işğalını” tanıya və bununla bağlı beynəlxalq ictimaiyyətə müraciət edə biləcək.
Qonçarenko bildirib ki, qətnamə layihəsində Aleksandr Lukaşenko hökumətinin beynəlxalq hüququn subyektliyindən məhrum edilməsi, həmçinin Belarusun beynəlxalq təşkilatlarda iştirakına xitam verilməsi təklifi də var. Parlamentarilər həmçinin Rusiyanın Belarus vasitəsilə sanksiyalardan yan keçməsi və bu ölkədən ofşor zona kimi istifadə etməsi imkanlarının aradan qaldırılmasını zəruri hesab edirlər.
“Lukaşenko Putinə vətəndaşlarımızı öldürməkdə, evlərimizi və infrastrukturumuzu dağıtmaqda kömək edir. Rusiya artıq Belarusun de-fakto anşlyusunu həyata keçirib. Bu qanunsuz rejimə maksimum təzyiq göstərmək lazımdır”, – Qonçarenko bildirib.