Kiyev BVF-dən yeni dördillik proqram çərçivəsində Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi (EFF) formatında 1,5 milyard dollar həcmində ilk tranşı alıb. Bu barədə Ukraynanın Baş naziri Yuliia Sviridenko məlumat verib.
“Ukrayna bu gün BVF-dən yeni dördillik proqram çərçivəsində EFF mexanizmi üzrə ilk tranşı aldı. 1,5 milyard dollar artıq hesaba köçürülüb”, — deyə o, “Telegram” kanalında yazıb. Ümumilikdə proqram çərçivəsində Kiyev dörd il ərzində BVF-dən 8,1 milyard dollar alacaq.
Sviridenkonun sözlərinə görə, vəsaitlər büdcənin prioritet xərclərinin maliyyələşdirilməsinə və makromaliyyə sabitliyinin dəstəklənməsinə yönəldiləcək.
Fevralın 27-də BVF İcraçı Direktorlar Şurası Ukrayna üçün 48 aylıq 8,1 milyard dollar həcmində yeni maliyyələşdirmə proqramını təsdiqləyib. Eyni zamanda, BVF-nin qiymətləndirmələrinə əsasən, Ukrayna hakimiyyəti qarşıdakı dörd il ərzində 136,5 milyard dollar həcmində maliyyə çatışmazlığı ilə üzləşəcək.






